Şəkidə elmi konfransı təşkil olunub

post-img

Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi və görkəmli ədəbiyyatşünas alim Salman Mümtazın doğum gününə həsr olunmuş respublika elmi konfransı təşkil olunub. 

Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrası və Universitetin Şəki filialının humanitar fənlər kafedrasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə ADPU-nun müəllim və professor heyəti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Azərbaycan Universiteti, Bakı Avrasiya Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları, elmi mütəxəssislər, ictimai xadim və ziyalılar da iştirak ediblər. Tədbirdən öncə konfrans iştirakçıları, qonaqlar və rayon ictimaiyyəti tərəfindən Ulu öndər Heydər Əliyevin heykəli önünə güllər düzülüb və xatirə şəkili çəkilib. 

Tədbiri giriş sözü ilə açan ADPU Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov ilk öncə tədbir iştirakçılarını salamlayıb. Konfransın mövzusu olan əlamətdar günlərin xalqımızın tarixində yeri və rolu ilə bağlı düşüncələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra ümummilli lider Heydər Əliyevin önəmli quruculuq siyasəti, Azərbaycanda pedaqoji kadrların hazırlanmasında, təhsilin və ümumilikdə ölkəmizin inkişafında oynadığı rol haqqında məruzə edib.

Ardınca ADPU Şəki filialının direktor müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Gülarə Abdullayevanın, Universitetin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru dosent Sevinc Əliyevanın, universitetin Şəki filialının humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışovun, Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılovun, Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayevin və digər mütəxəssislərin mövzular üzrə məruzələri dinlənilib. 

Tədbirdə çıxış edən Salman Mümtazın nəvəsi, Şuşanın görkəmli Qalabəyovlar nəslindən olan Urxun Qalabəyli babası ilə bağlı kövrək xatirələrini bölüşüb, onun Azərbaycan elmi və ədəbiyyatı qarşısındakı xidmətlərinin önəmini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Konfrans mövzular üzrə məruzələr və mədəni proqramla davam edib. Konfransdan sonra iştirakçılar Şəkinin tarixi-mədəni abidələri və zəngin irsi ilə yaxından tanış olublar. 

Rizvan FİKRƏTOĞLU, 
“Xalq qəzeti”

Son xəbərlər