Mayın 10-da Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul keçirilib və bir müddət əvvəl inşası başa çatmış səfirliyin yeni inzibati binasının rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə və səlahiyyətli səfir Həsən Zeynalov Azərbaycan səfirliyinin yeni inzibati binasının bir müddət əvvəl inşa edilsə də rəsmi açılışının məhz ulu öndər Heydər Əliyevin 100 illik yubileyi günü həyata keçirilməsinin qərara alındığını bildirib.
Mərasimdə Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkmənistanda fəaliyyət göstərən xarici ölkələrin səfirləri və əməkdaşları, media və ictimaiyyət nümayəndələri, eləcə də soydaşlarımız iştirak ediblər.