Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku “Azərbaycanın dostu” qızıl ordeninə layiq görülüb

post-img

Rumıniyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Buxarestdə fəaliyyət göstərən Levanta Mədəniyyəti və Sivilizasiyasının Tədqiqi üzrə Təkmilləşdirmələr İnstitutunun rəhbəri Emil Konstantinesku “Azərbaycanın Dostu” qızıl ordeni ilə təltif olunub.

Rumıniyanın paytaxtı Buxarest şəhərində Levanta Mədəniyyəti və Sivilizasiyasının Tədqiqi üzrə Təkmilləşdirmələr İnstitutunun inzibati binasında təşkil olunan tədimat mərasimində mükafatı Emil Konstantineskuya “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təqdim edib. Jurnalın Redaksiya Şurasının qərarı ilə “Azərbaycanın Dostu” qızıl ordeninin Emil Konstantineskuya Azərbaycanla Rumıniya arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verildiyini qeyd edən Emil Nəsirli çıxışında Rumıniyanın hər zaman Azərbaycanın yanında olduğunu, onun müstəqilliyini dəstəklədiyini bildirib.

Baş redaktor Emil Nəsirli “Ulu Öndər Heydər Əliyevin irsinin təbliği” beynəlxalq layihəsi çərçivəsində nəşr olunan müəllifi olduğu “Heydər Əliyev. Həyatının 100 anı” kitabını Emil Konstantineskuya hədiyyə edib. Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən bu kitabın ingilis və rumın dillərinə tərcümə edilərək nəşr etdirilməsi, eləcə də gələcəkdə Rumıniyanın Buxarest şəhərində kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılıb.

E. Nəsirli daha sonra bildirib ki, Azərbaycanla tərəfdaşlıq münasibətləri daim yüksələn xətlə inkişaf edən Rumıniya Avropanın sayılıb seçilən ölkələrindən biridir. Bunu həm də o amil təsdiqləyir ki, bu ölkə ardıcıl və məqsədyönlü siyasəti sayəsində həm Avropa İttifaqı, həm NATO kimi nüfuzlu qurumlarda önəmli söz sahiblərindən birinə çevrilib. Rumınların bir çox nəsilləri tarix boyu azadlıq, istiqlal, həmrəylik, milli ləyaqəti təmin etmək kimi amallar uğrunda mübarizə aparıblar. Dost Rumıniyanın iqtisadiyyatı çoxvektorludur. Burada ayrı-ayrı infrastruktur sahələrinin, bərpa olunan enerji seqmenti də daxil olmaqla enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin geniş inkişaf perspektivləri var. Təbii ki, bu perspektiv uzun illər ərzində formalaşan ənənələrə, iqtisadi potensiala əsaslanır. Ölkədə yaradıcı əmək, bilik iqtisadiyyatı güclü şəkildə təşviq olunur.

Azərbaycanla Rumıniya arasında  yüksəksəviyyəli siyasi dialoqun mövcudluğunu  bəyan edən baş redaktor onu da əlavə edib ki, ölkələrimiz arasında iqtisadi sahədə ikitərəfli əməkdaşlıq da uğurla inkişaf edir.

“Avropanın Cənubi Qafqaz ölkəsi kimi Azərbaycana bəslədiyi xüsusi münasibət onunla bağlıdır ki, respublikamız digər regional layihələr kimi, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini də uğurla icra etdi; Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildi.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin isə Azərbaycana səfərlərinin, həmin görüşlərdə qarşılıqlı maraqlara xidmət edən məsələlərin, mühüm regional layihələrin müzakirəsi, əməkdaşlığın yeni səhifələrinin təkrar nəzərdən keçirilməsi üçün əlverişli imkan yaratması barədə geniş fikir mübadiləsi aparılıb.

Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, öz növbəsində, "Azərbaycanım" beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. 







Son xəbərlər