Ukrayna: sosiomədəni qütbləşmə, yaxud milli birlik?!

post-img

On aydır davam edən Rusiya–Ukrayna müharibəsi haqqında çox yazılıb. Müxtəlif yanaşmalar və şərhlər var. Bu kəskin silahlı qarşıdurma həm geosiyasi, həm də sivilizasiyalararası savaş xarakteri daşıyır. Bunun nədən qaynaqlandığı, eləcə də proseslərin hansı məcrada davam edəcəyi barədə BDU-nun Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası və turizm kafedrasının müdiri, professor Aydın İbrahimovdan fikirlərini oxucularla bölüşməsini xahiş etmişik. Aydın müəllimin bu mövzuda eksklüziv olaraq “Xalq qəzeti” üçün hazırladığı materialı təqdim edirik: 

“Ukrayna müharibəsi geosiyasi qar­şıdurma xarakteri daşıyır. Burada Qərblə Rusiyanın maraqlarının toqquşması baş verir. Sivilizasiyalarası kontekstdə isə bu, həm də qərbi və şərqi xristianlığın üz-üzə gəlməsidir. 

Ukraynanın coğrafi məkan və dövlət olaraq belə bir vəziyyətə düşməsi təsa­düfi deyil. Ukrayna və Rusiya slavyan dövlətləridir və bu amil onları həm birləş­dirir, həm də ayırır. Bu iki toplumun ümu­mi mədəniyyət, dil və tarix baxımından yaxın olduğu bəllidir. 

Unutmaq olmaz ki, Ukrayna və Ru­siya, üstəgəl Belarus keçmiş ittifaqın siyasi və iqtisadi dayaqları idi. Ukrayna və Belarus, həmçinin BMT və UNES­CO-nun üzvləri idi. 

Təsadüfi deyil ki, bu üç dövlət Sovet İttifaqının həyatında baş verən bütün müsbət və mənfi proseslərə görə məsu­liyyət daşıyırdı. Buna görə də məhz bu üçlük 1991-ci dekabrın 8-də Belarusda “Belovejsk” razılaşmasını imzalayaraq, SSRİ-ni dağılmasını təsdiq etdi və MDB-ni yaratdı. 

Sənədə imza atan dövlətlərin rəh­bərləri bu qərarlarını onunla izah etməyə çalışdılar ki, SSRİ-nin təsisçiləri məhz onların başçılıq etdikləri respublikalar olublar və buna görə də onu ləğv etmək hüquqları var. 

Burada bir məqam var. Belə ki, 1922-ci il dekabrın 30-da SSRİ-nin ya­radılması barədə müqavilə həmin üç slavyan ölkəsindən başqa, Azərbaycan, Gürcüstan və Ermənistanın daxil oldu­ğu Zaqafqasiya Federasiyası adından imzalanıb. Lakin sonuncu üç dövlət So­vet İttifaqının bir siyasi qurum kimi ləğv olunması ilə bağlı sənədin imzalanması mərasiminə dəvət olunmadı.

Bütövlükdə, SSRİ-nin süqutunun əleyhinə etiraz etməyərək qeyd etmək istərdik ki, digər respublikalar ilə razı­laşdırılmadan federativ dövlətin ləğvi barədə qərarın qəbul edilməsi siyasi-etik cəhətdən slavyan ölkələrinin liderləri tərəfindən, yumşaq desək, layiqli addım deyildi. 

Sonra nə baş verdi? Gözləmək olardı ki, ümumi tarix, dil və mədəniyyət yaxın­lığı həmin slavyan ölkələrinin siyasi və iqtisadi inteqrasiyasını sürətləndirəcək. Lakin, bu gözləntilər özünü doğrultmadı. Rusiya–Belarus cütlüyü yaxşı-pis işləsə də, Ukrayna tamamilə başqa yolla getdi. 

Özünün “xüsusi Avroasiya missiyası daşıdığını” düşünən Moskvadan fərqli olaraq, Kiyevin heç bir imperiya ambi­siyaları yoxdur, o, öz üzərinə qlobal güc yükü də götürməyib və Şərqi Avropadakı digər keçmiş sosialist ölkələri kimi, sa­dəcə sivil və demokratik Avropa ölkəsi olmağı arzulayır. 

2003-cü ildə Ukraynanın ikinci prezi­denti Leonid Kuçma “Ukrayna Rusiya de­yil” adlı kitab nəşr etdirib. Orada açıq mət­nlə yazılır ki, “rus adamı çoxdan öz tarixi tərəfindən yaradılıb, onun milli identikliyini itirərək qeyri-rus ola bilməsi üçün təhlükə yoxdur. Bizim isə gündəliyimizdə duran əsas vəzifə ukraynalını yaratmaqdır. Mil­yonlarla ukraynalı üçün öz ukraynalılığına qayıtmamaq təhlükəsi var!”. 

Ukrayna Cənub-Şərqi Avropa ölkə­sidir, Rusiya ilə dil və tarixi baxımdan yaxın olsa da, özünün böyük qonşusun­dan fərqli olaraq, Avroasiya məkanında “pravoslavların xilaskarı” ruhu daşımır və belə bir iddiası da yoxdur. 

Ukraynada kifayət qədər mürəkkəb daxili geosiyasi konstruksiya formalaşıb. Kiyev Qərbi, Şərqi və Cənubi Ukrayna­nın maraqlar balansını gözləyərək ölkə­nin stabil funksiyalılığını təmin etməlidir. Burada əsas problem göstərilən ərazilə­rin siyasi oriyentasiyasının fərqli olma­larıdır. Əgər Qərbi Ukrayna daha çox Polşa və Macarıstana meyl göstərirsə, ölkənin şərqi Rusiyaya meyillidir. Cənub isə Qaradəniz regionunda hansısa bir şəkildə muxtar hüquqlara sahib olmaq niyyətindədir.

Ukrayna özünün coğrafi mövqeyinə görə unikal bir dövlətdir. Onun azad, müstəqil dövlət olaraq təşəkkül tapması bazar iqtisadiyyatına keçid ilə üst-üstə düşüb. Ölkə iqtisadiyyatının şərq (Rusi­ya) vektoru tədricən dağılıb, bunun əvə­zinə qərb istiqamətinin güclənməsi baş verib. Lakin qərb ilə də hərtərəfli əlaqələr arzuolunan səviyyəyə yüksəlməyib. 

Adətən, əksər dövlətlərdə separatçı­lıq meyilləri milli-etnik zəmində baş verir, amma Ukraynada buna etnik-mədəni fərqlilik səbəb olub. Ukrayna millətinin sosio-mədəni qütbləşməsi cəmiyyətin nə Qərbi Avropanın, nə də Rusiyanın mədəni-tarixi ənənələri üzərində konso­lidə olunmasına şərait yaradır. 

Ukrayna dövlətinin formalaşmasının xronologiyası kifayət qədər maraqlıdır. Belə ki, 1919-cu ilin martında Sovet Uk­raynasında proletar zümrəsini artırmaq üçün Donbas RSFSR-in tərkibindən çıxarılaraq Ukraynaya verilib. 

1939-cu il avqustun 23-də Almani­ya ilə SSRİ arasında məşhur Ribbent­rop-Molotov paktı imzalanıb. Gizli proto­kollara əsasən, Polşanın şərqi əraziləri Sovet İttifaqının idarəçiliyinə verilib və Qərbi Ukrayna adlandırılan bu torpaq­lar 1939-cu ilin 14 sentyabrından indiki Ukraynanın bir hissəsi oldu. 1940-cı ildə Rumıniya ərazisi sayılan Şimali Bu­kovina, 1945-ci ilin iyununda isə Maca­rıstanın Zakarpatye vilayəti Ukraynaya birləşdirilib. Nəhayət, 1956-cı il aprelin 26-da Krım Rusiya Federasiyasından alınaraq Ukraynaya verilib. 

Əlbəttə, bu qədər kəskin mental fərq­lilliyini nəzərə alsaq, sovet Ukraynasında əhali kontingenti arasında mənəvi birliyin nə üçün yaranmadığının səbəbini başa düşmək olar. Ölkənin bir çox regionlarını müstəqillik ideyası heç vaxt tərk etmirdi və bu, Rusiya Federasiyasında daim qı­cıq yaradırdı. 

Günahkar kimdir: Qərb, Rusiya, yaxud Ukrayna? Beynəlxalq hüquq müstəvisində Rusiya günahkar sayı­la bilər, lakin məsələyə bütün tərəflərin mövqelərindən yanaşsaq, bu suala bir­mənalı cavab tapmaq çətindir. Burada hamının günahı var, barışıq modeli tap­maq olardı, görünür, bunu istəmədilər. 

P.S. Bu gün Ukrayna torpağında tərəflər arasında ağır müharibə gedir. Ölkənin, demək olar ki, bütün əhalisi Vətən torpaqlarının müdafiəsinə qalxıb. Görünən budur ki, Ukraynada sosio-mə­dəni qütbləşmənin yerini milli birlik və həmrəylik əvəz edib. Bu proses daimi olacaqmı? Hər şey müharibənin nəti­cələrindən asılıdır!

Çapa hazırladı:
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Son xəbərlər