Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib

post-img

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev həkim peşəsini vicdanla yerinə yetirən Zərifə xanım Əliyevanın insanların sağlamlığının qorunmasında və xəstəliklərin qarşısının alınmasında göstərmiş olduğu səylərə toxunaraq onun həmvətənlərinin qayğısına qalan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən, eləcə də bütün Türk dünyasında, müsəlman aləmində qadınlığa örnək, humanist bir insan olduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən institutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, eləcə də zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.

Görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Zərifə xanım Əliyeva ümumilikdə 200-ə qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib.

Tədbirdə çıxış edən institutun digər əməkdaşları mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat və müdriklik örnəyi olan, eyni zamanda bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş və cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla anılacağını diqqətə çatdırıblar.

Anar Əli
“Xalq qəzeti”

Son xəbərlər