Elxan Əhmədov: Ermənistan məsuliyyət daşıyır

post-img

İrəvanda təşkil edilən ağır atletika üzrə Avropa Çempionatının açılış mərasimində bayrağımızın yandırılması ölkəmizə qarşı Ermənistanın növbəti həqarətidir. Artıq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi komandamızın bu yarışda iştirakından imatina etməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə “Mübarizlər” və “Qəbələ” idman klublarının məşqçisi Elxan Əhmədov qəzetimizə açıqlamasında deyib. O əlavə etdi:

–"Hər hansı bir ölkəyə beynəlxalq əhəmiyyətli istənilən yarış həvalə edilərkən o dövlət Beynəlxalq Olimpiya Komitəsi ilə yanaşı, həmin idman növünün beynəlxalq federasiyası qarşısında məsuliyyət daşıyır. Ümumiyyətlə, həmin şəxsə qarşı cinayət işi açılmalıdır. Ona görə ki, canlı yayımda öz hökumət rəhbərinin qarşısında və beynəlxalq ictimaiyyətin gözü önündə olub. Ancaq təəccübləndirici məqam ondan ibarətdir ki, cinayət işinə dərhal xitam verilib və həmin adam sərbəst buraxılıb. Bu, onu göstərir ki, Ermənistanın dövlətçilik anlayışı yoxdur. Bütün bunlar, deyə bilərik ki, hazırda bizim əsirlərimizə, Zəngəzur dəhlizi məsələsinə və sülh prosesinə də təsir edir. Yəni, idman hadisəsi bir daha beynəlxalq təşkilatlara əsas olmalıdır ki, Ermənistan dövlət anlayışından uzaqdır. Biz onların iç üzünü, xislətini bütün çılpaqlığı ilə göstərməliyik.

Buraya iştirakçı ölkələrə, sayğı və ehtiramla yanaşı, idmançıların təhlükəsizliyinin təmini məsələsi də daxildir. Təəssüf ki, Ermənistan ictimaiyyətinə bu kimi hisslər tamamilə yaddır.

Ümumiyyətlə, yarışın akkreditasiya olunmuş rəsmi nümayəndəsi tərəfindən belə kobud hərəkətlərə yol verilməsi, bayrağımızın yandırılması ölkəmizə qarşı hayların qəlbindəki nifrət və qərəzin növbəti dəfə beynəlxalq səviyyədə nümayişidir. Bu, bir daha onu göstərir ki, Ermənistan beynəlxalq idman yarışlarını keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil".

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

Son xəbərlər