Azərbaycan–Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Protokol imzalanıb

post-img

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib.

İclasdan əvvəl Komissiyanın həm­sədrləri, Azərbaycanın energetika na­ziri Pərviz Şahbazov və Qazaxıstan Baş nazirinin müavini – ticarət və in­teqrasiya naziri

Serik Jumanqarin arasında ikitərəfli görüş olub, iki ölkə arasında əməkdaş­lığın mövcud vəziyyəti və yeni əmək­daşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Komissiyanın iclasında Qazaxıs­tan və Azərbaycan arasında yüksək səviyyədə olan siyasi münasibətlərin ticari-iqtisadi tərəfdaşlığın inkişafı ilə möhkəmləndirilməsi istiqamətində atı­lan addımlar dəyərləndirilib. 

Energetika naziri Pərviz Şahba­zov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayevin siyasi iradələri sayəsində ölkələrimiz ara­sında əlaqələr uğurla inkişaf edir. İki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması bunun parlaq təzahürüdür. Bildirilib ki, 2022-ci ildə qarşılıqlı ticarət dövriyyəsi­nin həcmi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598 milyon 400 min ABŞ dolları təşkil edib. Bu göstəricilərin 2022–2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın icrası ilə daha da yüksələ­cəyinə inam ifadə edilib.

Nazir energetika sahəsində əmək­daşlığın inkişafından danışarkən deyib: “Ötən il SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton Qazaxıstan mənşəli neftin nəqlinə dair imzalanmış 5 illik müqavilə enerji əməkdaşlığımızda mühüm irəliləyişdir. Cari ilin martından Bakı–Tbilisi–Cey­han neft kəməri ilə Qazaxıstanın “Ten­giz” yatağından hasil edilən neftin nəq­linə başlanılıb. Aprel ayında BTC ilə 125 min ton Qazaxıstan neftinin nəqli planlaşdırılır”. 

İclasda hər iki ölkənin “yaşıl ener­ji”yə keçid sahəsində ciddi səylər göstərdiyi vurğulanaraq, bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələr­də Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub. Həmçinin nəq­liyyat-logistika əlaqələrinin inkişafı, Çindən, Mərkəzi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə yük axın­ları məqsədilə ölkələrimizin tranzit po­tensialının artırılması üçün birgə fəaliy­yətin əhəmiyyətindən danışılıb.

Qazaxıstanın Baş nazirinin müavi­ni – ticarət və inteqrasiya naziri Serik Jumanqarin isə çıxışında deyib: “Azər­baycan Qazaxıstanın Cənubi Qafqaz­da əsas və perspektivli ticarət-iqtisadi tərəfdaşıdır. Bu gün ölkələrimiz arasın­da ticarət-iqtisadi əməkdaşlıq üzrə hö­kumətlərarası komissiyanın iclasında biz Qazaxıstan dəmir yolu maşınqa­yırmasının ixrac imkanlarını təqdim edirik. Bundan əlavə, biz Qazaxıstan­dan Azərbaycana 304 milyon ABŞ dol­larından çox məbləğdə 100-dən çox növdə qeyri-xammal əmtəəsinin təchiz edilməsi üzərində işləyirik. Ölkələri­miz enerji, nəqliyyat, kənd təsərrüfatı mallarının ticarəti sahələrində əmək­daşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Biz mümkün olan çoxsaylı istiqamətlər üzrə qarşılıqlı fay­dalı və səmərəli əməkdaşlıq qurmağı hədəfləyirik və hər zaman yeni təklif­lərə açığıq”.

İclasda Hökumətlərarası Komis­siyanın 18-ci iclasından sonra görül­müş işlər nəzərdən keçirilib, siyasi, ticarət-iqtisadi, energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informa­siya-kommunikasiya texnologiyaları, media və digər sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb.

Sonda Azərbaycan–Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 19-cu iclasının yekunlarına dair Proto­kol imzalanıb. Komissiyanın 20-ci icla­sının gələn il Qazaxıstanda keçirilməsi razılaşdırılıb.

“Xalq qəzeti”

Son xəbərlər