Milli Məclisdə İran parlamentinə cavab bəyanatı qəbul edildi

post-img

Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli sənədlə bağlı bəyanat layihəsini hazırlayıb. Bəyanat parlamentin aprelin 7-də keçirilən plenar iclasında qəbul edilib. AZƏRTAC bəyanatı təqdim edir. 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının İs­rail Dövlətində səfirliyinin açılması ilə bağlı İran İslam Respublikası parlamen­tinin aprelin 5-də bəyanat qəbul etməsi­ni Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirir. Azər­baycan Respublikasının suverenliyinə və müstəqilliyinə açıq hörmətsizliyin ifadəsi olan bu bəyanat İran tərəfinin ölkəmizə qarşı həyata keçirdiyi növbəti siyasi təx­ribatdır. 

Təəssüf ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənis­tan tərəfindən 30 ilə yaxın işğal altında saxlanmasına, şəhər və kəndlərimizin vi­ran qoyulmasına, milli sərvətlərimizin ta­lan edilməsinə, tarix, mədəniyyət və din abidələrimizin, o cümlədən məscidlərimi­zin dağıdılmasına göz yuman, hətta təca­vüzkara bir çox əməllərində dəstək verən İran İkinci Qarabağ müharibəsi nəticə­sində torpaqlarımız düşmən əsarətindən azad edildikdən sonra Azərbaycana qar­şı açıq fəaliyyətə keçmişdir. Belə görünür ki, İran silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında müntəzəm hərbi təlimlər keçirməsi, Tehrandakı Azərbay­canın səfirliyinə qarşı terror aktı törədil­məsi, on minlərcə azərbaycanlının zorla qovulduğu Ermənistanın Qafan şəhərin­də İran konsulluğunun açılması, Təbrizdə Ermənistanın baş konsulluğunun açılma­sına razılıq verilməsi, Ermənistanla Azər­baycan arasında normallaşma prosesinə mane olmaq cəhdləri və digər bəd niy­yətli hərəkətlər eyni bir zəncirin həlqələ­ridir. Xüsusən, İranda Azərbaycan dövləti əleyhinə aparılan təhdid, böhtan və qara­yaxma kampaniyasının son dövrdə geniş vüsət alması, İran xüsusi xidmət orqan­larının ölkəmizdə yaratdıqları casus şə­bəkəsinin ifşa edilməsi, Azərbaycanda yalan təbliğatla aldadılmış insanların ra­dikal dini ideyalar ətrafında birləşdirilməsi cəhdləri ciddi narahatlıq doğurur. 

Azərbaycan Milli Məclisi bildirir ki, ölkəmizin İsrail Dövlətində Səfirliyinin açılması müstəqil dövlət kimi onun su­veren hüququdur və bununla əlaqədar Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar qəbuledilməzdir. Qeyd olun­malıdır ki, İsraildə Türkiyə, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya və Herseqovina, Albaniya, Misir, İordaniya, Qazaxıstan, Özbəkistan, Mərakeş, Ni­geriya, Çad, Kot-d'İvuar kimi müsəlman ölkələrinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Bu ölkələrin heç biri İranın Azərbaycana qarşı göstərdiyi qey­ri-adekvat, qərəzli və radikal münasibətin şahidi olmayıb. 

Azərbaycan xarici siyasət kursuna uyğun olaraq, Fələstin dövlətində də Nü­mayəndəliyini açıb. Bu, iki ölkə və xalq arasında möhkəm dostluq və qardaş­lıq münasibətlərinin təzahürüdür və bu münasibətlərə hər hansı üçüncü tərə­fin, o cümlədən İranın müdaxilə etməsi yolverilməzdir. Azərbaycanla Fələstin arasında münasibətlər həmişə yüksələn xətlə inkişaf edib. Azərbaycan Fələstin məsələsi ilə bağlı daim həmrəylik göstə­rib, BMT-nin müvafiq qətnamə və qə­rarlarına müvafiq surətdə İsrail–Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasın­da həllini davamlı olaraq dəstəkləyib və bu mövqeyini Qoşulmama Hərəkatı, İs­lam Əməkdaşlığı Təşkilatı və digər bey­nəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirib. 

Şərh edilənlər özünü müsəlmanların müdafiəçisi və hamisi kimi qələmə verən İranın, əslində, ikiüzlü siyasət yeritdiyini və məkrli siyasi maraqlarını təmin etmək üçün hər bir vasitədən istifadə etməyə hazır olduğunu göstərir. Milli Məclis İran tərəfinin Azərbaycana qarşı müntəzəm xarakter alan təxribat əməllərini qətiy­yətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir.

Son xəbərlər