Etirazçılar həbs edilir, işgəncəyə məruz qalır və öldürülürlər

post-img

İranda hakim rejimə qarşı etiraz aksiyaları davam edir. Aprelin 6-da Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində müəllimlər aksiyalar keçiriblər. Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb. Xəbəri GunazTV verib. 

Məlumata görə, təhsil idarələrinin binaları qarşısına toplaşan müəllimlər əmək haqlarının verilməməsinə etiraz edib, aprelin 5-də həbs edilən İran Müəl­limlər Birliyinin sözçüsü Məhəmməd Həbibinin azad edilməsini tələb ediblər. İctimai fəal və müəllim Məhəmməd Hə­bibi aprelin 5-də həbs edilib. Həyat yol­daşı Xədicə Pakzəmirin sözlərinə görə, təhlükəsizlik qüvvələri məktəbə hücum edərək Məhəmmədi qandallayıb və Tehranın Evin həbsxanasına aparıblar. 

Aprelin 6-də Kirmanşah, Kərəc, Məlayer və başqa bir neçə şəhərdə də oxşar aksiyalar baş tutub. Aprelin 5-dən 6-na keçən gecə Tehranın Şəhri-Ziba bölgəsində də hökumətə qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar 2022-ci ilin sentyabr ayında hökumət məmurları tərəfindən öldürülmüş Həmid Rza Ruhi adlı gəncin doğum günü münasibətilə keçirilib.

Nümayişçilər “Xameneyi, bu qiyam sona çatmayacaq” , “Bu il sistemin son ilidir”, “Zalım Xameneyi, səni torpağa basdıracağıq” kimi şüarlar səsləndi­riblər. Aksiyalar zamanı bölgəyə çoxlu polis və xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu, aksiyaçılara qarşı zor tətbiq edildiyi bildirilir. 

Qeyd edək ki, son aylarda müəl­limlər və təhsil işçilərinin etiraz aksiya­larının genişlənməsi fonunda hökumə­tin təzyiqləri də çoxalıb. Təhlükəsizlik qurumları etirazların qarşısını almaq və müəllimləri susdurmaq üçün çoxlu insana qarşı qondarma ittihamlar irəli sürərək, həbsa atırlar.

Güney Azərbaycanın Qəzvin maha­lından olan və etiraz aksiyalarında hö­kumət məmurları tərəfindən öldürülən Cavad Heydərinin atası, anası və daha bir qardaşı da həbs edilib. Bu barədə ailənin qızı Fatimə Heydəri məlumat verib: “Bir neçə dəqiqə öncə atam, anam və qardaşımı qandallayaraq apardılar. Ailəmizdən bir nəfəri öldürüb, 3 nəfəri isə həbs ediblər. Ailəmə təzyiq göstərərək öldürülən qardaşımın məzar daşının dəyişdirilməsini tələb edirlər”. 

Fatimə Heydəri bildirib ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhə­rində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib. Onun Məhəmməd, Höccət və Mustafa adlı 3 qardaşı da həbs edilib. 40 gün son­ra onlar müvəqqəti olaraq girov qarşı­lığında sərbəst buraxılmışdılar. Ötən gün dördüncü qardaşı Ruhullah Hey­dəri həbs edilib. Bu gün valideynləri ilə birgə həbs edilən isə bir müddət öncə müvəqqəti azadlığa buraxılmış Məhəm­məd Heydəridir. 

İranın ali dini lideri Əli Xameneyi isə bu günlərdə qadın şairlərlə görüşündə deyib: “Ölkədə məcburi hicab qaydala­rına qarşı qadınların etirazları düşmən hiyləsidir. 1979-cu ildə İranda baş verən inqilabda qadınlar xüsusi rol oynadığı üçün Qərb ölkələri tərəfindən sevilmir­lər. Qərb ölkələri İran qadınlarından acıqlıdır”. 

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarında 36 qadın hökumət məmurları tərəfindən öldürülüb. İnsan haqları təşkilatlarının hesabatlarına görə, məcburi hicab qay­dalarına etiraz etdiklərinə görə yüzlərlə qadın həbs edilib və onlardan bəziləri məcburi etiraf almaq üçün zorakılığa məruz qalıblar. 

İranın Mərkəz əyalətinin Ərak şəhə­rində isə məcburi hicab və orucluq ayı qaydalarına riayət etmədiklərinə görə 41 iş yerinin lisenziyası ləğv edilib. Bu barədə Mərkəz əyaləti polis idarəsinin nümayəndəsi Mehdi Təqəviniya məlu­mat verib. Qeyd edək ki, son iki həftədə İranda məcburi hicab qaydalarına riayət edilməyən, orucluq ayında müştərilərə xidmət göstərən, musiqi səsləndirilən və digər səbəblərə görə 1000-dən çox iş yerinin fəaliyyəti qadağan edilib. 

Güney Azərbaycanın Marağa və Əcəbşer şəhərlərinin qızlar oxuyan iki orta məktəbində 95 şagird zəhər­lənərək xəstəxanalara yerləşdirilib. Bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri medi­aya açıqlamasında bildirib. İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb. Bu günədək 26 əyalətin 233 məktəbində 5 mindən çox qız şagird zəhərlənib. 

Ölkədə edamlar da davam etdiri­lir. İranın Şiraz və İsfahan şəhərlərinin həbsxanalarında ən müxtəlif ittihamlar­la beş məhkum edam edilib. Bu barə­də məlumat verən İran İnsan Haqları Təşkilatından bildirilib ki, onlardan biri qadındır. 

Ümumiyyətlə, bu ilin iki ay yarımı ərzində İran həbsxanalarında 138 məh­kum edam edilib ki, bu son 8 ilin ən yük­sək göstəricisidir. 

Ziyalılar ölkədə baş verən haqsız­lıqlara dözə bilmirlər. Dünən yayılmış məlumata görə, Gilan əyalətinin Ən­zəli şəhərindən olan 74 yaşlı tanınmış rejissor Kiyumərs Purəhməd intihar edib. Bu barədə onun yaxınları məlu­mat yayıblar. İranın SEPAH-a yaxın və hakimiyyət mediası rejissorun ürək çatışmazlığından dünyasını dəyişdiyini desələr də, mərhumun yaxınları bunu təkzib ediblər. 

Onlar rejissorun ölkədə baş verən hadisələrdən və hakim rejimin xalq üçün yaratdığı durumdan sarsıldığını deyiblər. Sənət adamının depressiya keçirdiyi və məktub yazdıqdan sonra özünə qəsd etdiyi bildirilir.

 

P.ƏMİRCANOV, 
“Xalq qəzeti”

Son xəbərlər