Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərində olub.
Onlar Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Qonaqlara bildirilib ki, Ermənistanın işğal etməsinə qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar.
Erməni vandalları, hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar. İşğaldan azad olunduqdan sonra burada həyata keçirilən tikinti-quruculuq işləri barədə qonaqlara məlumat verilib, onlara Ağdamın Baş planı göstərilib. Böyük Britaniya nümayəndə heyətinin üzvləri Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə də görüşüblər.
Səfərdə qonaqları Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

