Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

post-img

Azərbaycan Respublikasının Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-24 mart tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 55-ci iclasında iştirak məqsədilə Afinaya işgüzar səfərə gedib.

Səfərin ilk günü nümayəndə heyəti ölkəmizin Afinadakı Səfirliyinə gələrək bu il 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra Baş prokuror Azərbaycanın Afinadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.

BPA-nın İcraiyyə Komitəsinin iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib. 

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. Cari ilin may ayında İstanbulda keçiriləcək 1-ci Pan Avropa konfransı, sentyabr ayında Londonda, 2024-cü ilin sentyabrında isə ölkəmizdə keçiriləcək Assosiasiyanın illik konfransı və ümumi yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və Argentinanın Buenos-Ayres muxtar şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru, BPA-nın Prezidenti Xuan Batista Mahikes arasında ikitərəfli görüş keçirilib, prokurorluqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Həmçinin, nümayəndə heyətinin üzvləri tədbirdə fəal iştirak edərək ABŞ, Kanada, Çin, Birləşmiş Krallıq, Yunanıstan, Macarıstan, Gürcüstan, Cənubi Koreya, BƏƏ və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, hüquqi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.







Son xəbərlər