Musiqili Teatrın kollektivi Mingəçevirdə

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti
Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" komediyasını Mingəçevir teatrsevərlərinə təqdim edib. 

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun  quruluşunda ərsəyə gələn bu tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə, Nahidə Orucova, İqrar Salamov, aktyorlar Möylə Mirzəliyev, Mehriban Zaliyeva, Ülviyyə Əliyeva, Gülcahan Salamova və digərləri  canlandırıblar.

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşa teatrsevərlər tərəfindən gur alqışlarla qarşılanıb.

Fidan HÜQUQQIZI,
"Xalq qəzeti"





Mədəniyyət