Hicabı pozanlar yenə cəzalandırılır

post-img

İranda hakimiyyətdən narazı kütlələr ən müxtəlif səbəblərlə etiraz aksiyalarını davam etdirirlər. Son günlər baş verən aksiyalar əsasən ilaxır çərşənbə ilə bağlı olub. Hakimiyyətin xəbərdarlıqlarına baxmayaraq, martın 13-dən 14-ə keçən gecə müxtəlif şəhərlərdə, o cümlədən Təbrizdə mərasimlər keçirilib. Məlumatı Gunaz.TV verib. 

Məlumata görə, bayram şənlikləri ilə bağlı aksiyalar polis qüvvələri ilə toqquş­maya səbəb olub. Nəticədə 1860 nəfər yaralanıb. Tehranda 219, Qərbi Azərbay­can əyalətində 219 və Şərqi Azərbaycan əyalətində isə 157 nəfər ağır yara alıb. Təcili Yardım Mərkəzinin başçısı Cəfər Miyadfərin verdiyi məlumata görə, 546 nəfər göz nahiyəsindən xəsarət alıb, 126 nəfərin müxtəlif bədən üzvləri amputa­siya edilib. İrandakı insan haqları təşki­latları onlarla vətəndaşın həbs edildiyini bəyan ediblər. 

Hökumət rəsmiləri isə həbs edilənlə­rin ictimai asayişi pozduqlarını və ümumi əmlaka ziyan vurduqlarını iddia ediblər. Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, Tehranda keçirilən əməliyyat nəticəsində 21 nəfər saxlanılaraq təcridxanalara aparılıb. Onların çərşənbə şənliklərindən istifa­də edərək etiraz aksiyaları təşkil etməyi planlaşdırdıqları iddia edilib.

Tehran polisinin rəisi Abbasəli Məhəmmədiyan bayramları qeyd etməyə hazırlaşanları təhdid edərək deyib ki, bayram ərəfəsində “Bəsic” qüvvələri və mülki geyimli məmurlar da cəlb olunmaq­la, qaydaları pozanlar həbs ediləcəklər.

Məktəblərdə şagirdlərin zəhərlən­məsinə və hakimiyyətin buna laqeyd münasibətinə qarşı etiraz aksiyalarına qoşulanlarla bağlı da sərt tədbirlər görü­lür. Artıq bu səbəbə görə İranın Əllamə Təbatəbayi Universitetinin 30 tələbəsi qovulub. Bununla bağlı məlumatı Təhsil İşçiləri Həmkarlar İttifaqı Koordinasiya Şurası yayıb. Bir qədər əvvəl Təbrizin Tibb Elmləri Universitetinin 40 tələbəsi də eyni ittihamla məhkəməyə çağrılıb və dinc etiraz aksiyalarına qoşulduqları üçün dindirilib. Aksiyalarda iştirak ittihamı ilə 700-dən çox tələbə həbs edilib.

Hakimiyyət məcburi hicab qaydala­rına riayət etməyənlərə qarşı cəzaların sərtləşdirilməsi barədə qərar qəbul edib. İran parlamentinin mədəniyyət komissi­yasının üzvü Bijən Nobave Vətən deyib ki, ictimai yerlərdə, hətta kiberməkanda hicab qaydalarını pozanların cəzalandı­rılması qərara alınıb.

Ölkədə hicabın məcburiliyi ilə bağlı tələblər sərtləşdirilib. Artıq hicab norma­larının pozulması hallarına görə müəs­sisələr də fəaliyyətini dayandırmalı olur. Dünən Tehranda qızıl-cəvahirat mərkəzi kimi tanınan “Almas” kompleksinin fəa­liyyətini dayandırdığı bildirilib. Məlumata görə, mərkəzdə məcburi hicab qaydala­rına riayət etməyən qadın müştərilər olur. 

Kaşan şəhərindəki “Ameriha” hote­li də məcburi hicab qaydalarına riayət etməyən turistlərə xidmət göstərdiyinə görə fəaliyyəti dayandırılıb. 

Ölkədəki etiraz aksiyalarında iştira­ka görə həbclər də davam etməkdədir. Dünən əslən Güney Azərbaycanın Mu­ğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli “ölkənin təhlükəsizliyinə qarşı aksiya­ya toplaşmaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat” ittiha­mına görə isə 1 il həbs cəzasına məh­kum edilib. 

Bəzi səbəblərə görə həbsdən mü­vəqqəti azad olunmuş şəxslər yenidən həbsxanalara qaytarılırlar. Bu günlərdə Tehran Müəllimlər İttifaqının üzvü, İran Təhsil İşçiləri Həmkarlar İttifaqının Ko­ordinasiya Şurasının müfəttişi və ana dilində təhsil hüququnun müdafiəçisi, alim Cəfər İbrahimi Tehranın Evin həbs-xanasına qaytarılıb. O, universitetdə doktoranturaya qəbul imtahanında iştira­kı üçün edilmiş çoxsaylı müraciətlərdən sonra həbsdən müvəqqəti buraxılmışdı. İbrahimi alim yoldaşları Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə İran Müəllimlər Birliyinin 2022-ci ilin 1 mayına təyin etdiyi kütləvi etiraz aksi­yasından bir gün əvvəl saxlanılmışdı.

Son vaxtlar İran zindanlarında məh­busların intiharı və müxtəlif səbəblərdən ölüm halları da artmaqdadır. Bu günlər­də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında azərbaycanlı məhbus Fərhad Nağızadə həyatını itirib. Yaxınlarının verdikləri məlumata görə, kəskin ürək ağrılarından əziyyət çəkən məhkumun xəstəxanaya köçürülməsinə və müalicə olunmasına icazə verilmədiyi üçün o, dünyasını dəyişib.

Son aylarda yerli və beynəlxalq insan haqları təşkilatları dəfələrlə bununla bağ­lı xəbərdarlıq ediblər. Bir müddət əvvəl Beynəlxalq Əfv Təşkilatı İran zindanla­rındakı acınacaqlı vəziyyətlə bağlı yaydı­ğı 108 səhifəlik hesabatda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib. Həyatını itirmiş 96 məhkumdan 22-si Urmu şəhər zindanının “payına düşüb”. “İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaq­larına çevirib”, - deyə hesabatda qeyd olunub. 

İranın insan haqları təşkilatlarının son açıqlamalarında isə bildirilir ki, 2023-cü ilin qış ayılarında ölkədə edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artıb. Belə ki, hər 14 saatda bir məhkum edam edilib. Təkcə bu ilin 65 günü ərzində İran həbsxanalarında 113 məhkum edam edilib və bu, son 8 ilin ən yüksək göstəricisidir.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər