Ukraynada Rusiya ordusunun hücum əməliyyatları intensivləşib. Xüsusən Donetsk vilayətində, Baxmut şəhəri uğrunda döyüşlər şiddətlənib. Son günlərdə həyata keçirilən hücumlar zamanı şəhərin Konstantinovka rayonu güclü raket atəşinə tutulub. Nəticədə, infrastruktur obyektlərinə ciddi zərər dəyib, bir çox binalar, avtomobil və dəmir yolu körpüləri dağıdılıb. Məlumatı UNİAN verib.
Rusiyanın “Vaqner” qrupu şəhərin şərqinə nəzarəti ələ keçirdiyini elan etsə də, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların Donetsk və Luqansk istiqamətində irəliləməsinin qarşısının alındığını bildirib. Son sutkada Rusiya Donetsk vilayətinə 29 aviasiya və dörd raket zərbəsi endirib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə martın 14-də BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranının həllinə mane olan amil kimi rusofobiya ilə bağlı iclasının keçirilməsini istəyib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

