Məlum olduğu kimi, sağlamlıq haqqında arayışın verilməsinə görə dövlət rüsumu 41 manat müəyyənləşdirilib. Rüsum qalmaqalı hələ də davam edir. Milli Məclisin deputatı Afət Həsənova deyib ki, bu rəqəmin kifayət qədər yüksək olması, eyni zamanda, əhalinin həssas qrupunun, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarının, aztəminatlıların ödənişdə imtiyazlı şəxslər qismində nəzərə alınmaması haqlı narazılıqlara səbəb olur.
Ekspertlərin fikrincə, tibbi xidmətlər icbari tibbi sığorta ilə pulsuzdur. Daha doğrusu, insanlar hər ay bunun üçün maaşlarından sığorta haqqı ödəyirlər. Həmin vəsaitlə müayinələr pulsuz həyata keçirilməlidir. Vətəndaşlardan, sadəcə, arayış xərci alına bilər ki, bu da bir A4 kağızın qiyməti qədərdir, yəni 5 qəpik. Arayışa görə rüsumun sosial əsaslandırması yoxdur.
Qərar ləğv edilməlidir
Deputat Tahir Kərimli deyib ki, İrəvan və Zəngəzurun Ermənistana verilməsi ilə bağlı Azərbaycan Milli Şurasının 105 il əvvəlki qərarını ləğv etməliyik. Bu qərarlar qəbul edilən zaman da cəmiyyətdə narazılıqlar olub. Hazırda dövlətimiz bu tarixi torpaqlarımıza qayıdışla bağlı güclü iradə ortaya qoyub. Bu məsələ ilə bağlı Konstitusiya qanunu qəbul edilməlidir.
Test savadlı insan yetişdirə bilməz
Deputat Fazil Mustafa ali məktəblərə qəbulun ən sadə formasının tapılması təklifini irəli sürüb. O deyib ki, test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım olub, amma heç bir halda uzunmüddətli və toxunulmaz qalmamalı idi. Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun sadə forması tapılmalı idi: “Test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ən yüksək balla daxil olmuş insanların əksəriyyəti mütaliə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkirlər. Hazırlıqsız şəxs, inkişaf etmiş ölkələrdə olduğu kimi, asan daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir”.
Qadınların pensiya yaşı 63-ə endirilsin
Milli Məclisdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2022-ci il məruzəsində yer alan çoxsaylı təkliflərdən biri də qadınların pensiya yaşının azaldılması ilə bağlı idi. Deputat Vüqar Bayramov bu məsələ ilə bağlı çoxsaylı suallara cavab olaraq bildirib ki, pensiya yaşının dəyişdirilməsi müzakirə edilən məsələlərdəndir: “Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında xanımlar üçün pensiya yaşının 65 deyil, 63 müəyyənləşdirilməsinin maliyyə əsaslandırılmasının hazırlanması təklifi irəli sürülüb. Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılması məqsədəuyğun deyil. Bu, xanımlarımız üçün əlavə çətinliklər yaradar”.
Deputat deyib ki, qadınlar və kişilər arasında pensiya yaşında fərqlər bir sıra ölkələrdə də var. Məsələn, Avstriyada kişilər üçün pensiya yaşı 65 olsa da, qadınlar üçün 60-dır. Macarıstanda müvafiq olaraq 64,5 və 62, İsveçrədə 65 və 64, Xorvatiyada 65 və 62,5 və s. Odur ki, Azərbaycanda da oxşar qaydanın tətbiqi məqsədəuyğun olardı.
Hazırladı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”