Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bildirilib.
Azərbaycan-Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq xarakteri daşıdığı diqqətə çatdırılıb. İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, nəqliyyat-logistika, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.
Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə olunmuş məsələlərə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Şərq-Qərb, Orta dəhliz, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.
Görüşdə Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.
***
Martın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə əminlik ifadə edilib.
Prezident Jose Ramos Hortanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyası sədrinin müavini xanım Xuon Sudari ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün mühüm platforma kimi səciyyələndirilib.
Azərbaycan ilə Kamboca arasında yaxın siyasi əlaqələrin mövcud olduğu bildirilib, iqtisadi, humanitar və digər sahələrdə də münasibətlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan-Kamboca əməkdaşlığının müxtəlif sahələrdə perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
***
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildiriblər ki, məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.
Q.QASIMOV, “Xalq qəzeti”