Həmişə olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət ediblər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə gedən Rusiya sülhməramlılarına məxsus üç təminat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, sülhməramlıların bir təminat avtomobili Laçına gedib.
Beləliklə, gün ərzində aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 66-a çatıb.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.