Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.
QMİ-nin mətbuat xidmətindən bildirilib ki, martın 2-də Yuta ştatının Briqham Yanq Universitetində (BYU) professor-müəllim heyəti və tələbələrlə görüş olub. Otuz beş min tələbənin təhsil aldığı Universitetin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Cef Ringer azərbaycanlı qonaqları salamlayaraq onlara ali təhsil müəssisəsinin tarixi və tədris sistemi barədə ətraflı məlumat verib.
QMİ sədri Allahşükür Paşazadə tələbələr qarşısında “Dinlərarası dialoq” mövzusunda mühazirə oxuyub. Qeyd edib ki, Azərbaycanın və Birləşmiş Ştatların müxtəlif dini konfessiyaları, icmaları arasında qurulan əlaqələr dinlərarası dialoq prosesinin mühüm parçası sayıla bilər. Multikultural dəyərlər və tolerantlıq məkanı olan Azərbaycan ərazisində tarixən mövcud olmuş dini müxtəlifliyə, qədim köklərə malik zəngin tolerantlıq ənənələrinə göstərilən dövlət qayğısına toxunaraq vurğulanıb ki, bu ənənələrin qorunmasında və dövlət siyasəti səviyyəsinə yüksəldilməsində, eləcə də beynəlxalq miqyasda geniş təbliğ olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır.
Mühazirənin sonunda Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Dağ yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete tələbələrin suallarına cavab veriblər.
Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Kol Ami sinaqoqunda yerli yəhudi dini icmasının nümayəndələri ilə görüşüb.
Sonra səfir Xəzər İbrahim, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış etdilər və auditoriyanın suallarına cavab verdilər.
Səfər davam edir.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”