Xocalı soyqırımı azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir

post-img

Fevralın 24-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Beynəlxalq Muğam Mərkəzində ke­çirilən anım tədbirində Xarici İşlər Na­zirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlə­dən, media nümayəndələri iştirak ediblər.

Anım tədbiri çərçivəsində iştirakçılar Xocalı soyqırımına aparan hadisələr, soyqırımının baş verməsi və nəticələrini əks etdirən fotoşəkillərdən ibarət stend­lərlə tanış olublar. 

Rəsmi açılış mərasimində çıxış edən Xarici İşlər naziri Ceyhun Bayramov 31 il bundan öncə Ermənistan silahlı qüvvələ­rinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamət­lərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar da daxil ol­maqla, yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib.

Xocalı soyqırımı qurbanlarının xatirə­sini ehtiramla yad edən nazir xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatır­landığını bildirib.

Xocalı soyqırımı ilə bağlı həqiqət­lərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökumətinin, “Xocalıya ədalət!” beynəlxalq maarif­ləndirmə kampaniyasının, o cümlədən, vətəndaş cəmiyyətinin və diasporumu­zun aktiv fəaliyyəti qeyd olunub.

Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü za­manı törədilən qəddarlıqların, İkinci Qa­rabağ müharibəsi zamanı Azərbayca­nın Gəncə, Bərdə, Tərtər şəhərlərində yaşayan mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dövlət səviyyə­sində Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik si­yasətindən qaynaqlandığını bildirib. Bu kimi cinayətlərin törədilməsində birbaşa olaraq Ermənistanın məsuliyyət daşıma­sına baxmayaraq, hələ də məsul şəxs­lərə münasibətdə cəzasızlığa son qoyul­madığı diqqətə çatdırılıb.

Nazir Ermənistan tərəfindən postmü­naqişə dövründə sülh və normallaşma prosesinə maneə yaradan hərbi-siyasi təxribatların törədilməsinə, o cümlədən, beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə hədəflənən addımların atılması­na baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilmə­sinə hədəflənən sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu bildirib. Bu xüsusda, ədalətin bərpa olunmasının da regionda sülh və normallaşma gün­dəliyinə öz müsbət töhfəsini verəcəyinə dair inam ifadə olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət Pantomim Teatrının təqdimatında Xocalı soyqırımına həsr olunmuş “Xocalı – bu, olub” adlı tamaşa nümayiş etdirilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər