Azad edilmiş ərazilərdə 46 mindən çox ağac tingi əkilib, 11 hidroloji avtomat stansiya quraşdırılıb

post-img

Azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq, indiyədək 66 hektara yaxın sahədə 46 mindən çox ağac tingi əkilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın quraşdırılması işləri həyata keçirilib, eləcə də Zəngilan rayonunda “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Laçın şəhərində işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahın nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib.

O qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin digər icraçı qurumu kimi müəyyən olunub. 

Mehman Nəbiyev bildirib ki, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin, “Ağıllı Tinglik Təsərrüfatı”nın və “Dostluq meşəsi”nin yaradılması layihələrinin icrası çərçivəsində 16,40 hektar “Dostluq meşəsi” sahəsində 18 min 50 ədəd yerli və Türkiyədən gətirilmiş ağac cinslərindən (Eldar şamı, qızılı şam, dağdağan, yalançı akasiya, kipr akasiyası, fıstıq şamı) istifadə olunmaqla, əkin işləri aparılıb. Həmçinin həmin əraziyə bitişik olan 56,89 hektar sahədə terras üsulu ilə əkin işləri görülüb və Türkiyədən gətirilmiş ağac cinslərindən olan 45 min 630 ədəd (Eldar şamı, qızılı şam, dağdağan, yalancı akasiya, kipr akasiyası, fıstıq şamı) ting əkilib.

Son xəbərlər