Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus on avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları sülhməramlıların doqquzu yük, biri isə minik avtomobili olmaqla on nəqliyyat vasitəsinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 69-cu günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək 70 avtomobilin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.