İndiyədək 565 Azərbaycan vətəndaşı və onların ailə üzvləri zəlzələ bölgəsindən təxliyə olunub

post-img

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hazırda təxliyə prosesi davam edir.

Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.

Qeyd edilib ki, "qaynar xətt" nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanılıb. Hazırda iki Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir.

Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan biri Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb.

"Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə məlumatda bildirilib.

Son xəbərlər