I rübdə yataqdan 7 milyard kubmetr qaz və 1 milyon ton kondensat çıxarılıb
Gələn ay Azərbaycanı dünyanın potensial qaz ölkəsinə çevirən “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanmasının 30 ili tamam olur. Əvvəlki dövrlərdə olduğu kimi, 2026-cı ilin ötən dövründə də “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi çərçivəsində işlər uğurla davam etdirilib.
“bp-Azərbaycan” şirkətinin məlumatına görə, cari ilin yanvar-mart aylarında “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 785 milyon dollar, əsaslı məsrəflərinə isə 336 milyon dollar xərclənib. Həmin vəsaitin isə böyük əksəriyyəti hazırda fəal işlənmə mərhələsində olan “Şahdəniz-2” layihəsinə sərf olunub. Məlumatda bildirilir ki, cari ilin ilk rübü ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib.
Zəngin qaz və kondensat ehtiyatlarına görə seçilən “Şahdəniz” yatağında ötən müddətdə iki hasilat platforması quraşdırılaraq istismara verilib. Hazırda həmin qurğuların gündəlik hasilat gücü təxminən 74,2 milyon (ildə 27,1 milyard) kubmetr təşkil edir. Bu ilin birinci rübündə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” adlı platformalardan, ümumilikdə, təqribən, 7 milyard kubmetr qaz və 1 milyon ton kondensat çıxarılıb.
Məlum olduğu kimi, layihə səhmdarlarının yekdil qərarına əsasən, “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi qərara alınıb. Xatırladaq ki, birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, hasilata isə 2006-cı ilin sonlarında başlanılıb.
Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından seçilir. Belə ki, hazırda “Şahdəniz-2” layihəsi çərçivəsində ilk dəfə olaraq Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyası tətbiq olunur ki, bu da BP şirkətinin dünya üzrə operatoru olduğu ən iri sualtı infrastrukturdur. Təxminən 30 milyard ABŞ dolları həcmində investisiya qoyulmuş bu layihə, ümumilikdə, planlaşdırılmış ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilmiş iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir. Layihənin detallarına, həmçinin Azərbaycan ərazisində 428 kilometr, Gürcüstan ərazisində isə 59 kilometr uzunluğunda yeni boru kəmərləri və 2 yeni kompressor stansiyası, eləcə də Cənubi Qafqaz boru kəmərinin (CQBK) genişləndirilməsi daxildir.
“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci ilin iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə isə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları yatağın qərb-cənub cinahını da işlənməyə daxil ediblər.
2026-cı ilin birinci rübündə “Şahdəniz-2” layihəsi çərçivəsində yatağın qərb cinahındakı quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib. Layihə çərçivəsində əsas dəniz əməliyyatları isə “Xankəndi” gəmisi vasitəsilə həyata keçirilib. Bununla yanaşı, ilin ötən dövründə “Tofiq İsmayılov” dalğıc gəmisi hazırda istismarda olan bütün “Şahdəniz-2” sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verib. Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.
Cari ilin yanvar-mart aylarında konsorsium iştirakçıları tərəfindən qazma əməliyyatları da nəzərdə tutulmuş qrafikə uyğun davam etdirilib. Rüb ərzində “Şahdəniz Alfa” platformasından SDA09 və SDA07 quyularında əlavə perforasiya işləri tamamlanıb. Bununla yanaşı, “Şahdəniz Alfa” platforması, “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları “Şahdəniz-2” layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Rüb ərzində “İstiqlal” qazma qurğusu yatağın qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərini, daha sonra isə həmin quyuda tamamlama işlərini yerinə yetirib. “Heydər Əliyev” qazma qurğusu isə yatağın şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini davam etdirib. Ümumilikdə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 23 quyu qazılaraq istismara verilib. Həmin quyuların 5-i yatağın şimal, 5-i qərb, 4-ü şərq-cənub, 5-i qərb-cənub, 4-ü isə şərq-şimal cinahlarında qazılıb.
“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Terminaldakı mövcud qurğular isə qazı qəbul edərək Cənubi Qafqaz boru kəmərinə (CQBK) ötürür. Yeri gəlmişkən, bu ilin ilk rübü ərzində terminaldan gündəlik orta hesabla, təxminən, 7,4 milyon kubmetr “Şahdəniz” qazı ixrac olunub. Hesabat dövründə boru kəmərinin səmərəli idarə edilməsi məqsədilə yaradılmış şirkətin səhmdarları tərəfindən CQBK-nin əməliyyat tədbirlərinə təqribən 21 milyon dollar, əsaslı məsrəflərinə isə 9 milyon dollar xərclənib.
Qeyd edək ki, 2006-cı ilin sonlarında istismara verilimiş Cənubi Qafqaz boru kəməri “Şahdəniz” qazını Azərbaycan, Gürcüstan və Türkiyəyə nəql edir. Ötən müddətdə Türkiyəyə və Avropadakı alıcılara daha çox qaz çatdırmaq məqsədilə kəmərin imkanları xeyli genişləndirilib. Genişləndirilmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlanılıb. 2026-cı ilin ilk rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,5 milyon kubmetr təşkil edib.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatının artırılması üçün daha bir mühüm layihə icra olunur. Bu, “Şahdəniz kompressiya” (ŞDK) layihəsidir. Cari ilin ilk rübündə Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri təhlükəsiz şəkildə və qrafikə uyğun davam etdirilib. İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunub.
Hesabat dövründə layihə çərçivəsində dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam etdirilib, müfəssəl dizayn işləri plan üzrə irəliləyib, əsas texniki baxışlar isə tamamlanıb. Bununla yanaşı, bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun həyata keçirilib.
Qeyd edək ki, 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihə çərçivəsində istismara veriləcək unikal platformanın “Şahdəniz” yatağından, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir. Layihə, həmçinin yataqdan hasil edilən qazın təzyiqini artıraraq ixracını təmin etmək məqsədi daşıyır. Mövcud “Şahdəniz” platformalarının yaxınlığında yerləşəcək yeni kompressiya platforması suyun 85 metr dərinliyində quraşdırılacaq.
ŞDK layihəsi çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının inşası nəzərdə tutulur. Layihə, həmçinin “Şahdəniz” müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Ümumilikdə, tikinti işlərinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə “Şahdəniz Alfa”dan, 2030-cu ildə isə “Şahdəniz Bravo”dan hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Mirbağır YAQUBZADƏ
XQ

