Bu günə qədər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan Mərkəzi Asiya üçün Bərpa Olunan Enerjidə Sürətləndirilmiş Tərəfdaşlıq (APRECA) proqramınına qoşulub. Biz Türkmənistanı da bu tərəfdaşlığa qoşulmağa və dayanıqlı enerji gələcəyinə doğru yolunu sürətləndirməyə dəvət edirik.
XQ xəbər verir ki, bu sözləri Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.
“IRENA Azərbaycanda 2026-cı ilin iyununda Mərkəzi Asiya üçün Enerji Keçidi İnvestisiya Forumunu təşkil edəcək. Agentliyimiz investisiya boşluğunu aradan qaldırmağı və inkişaf etməkdə olan bazarlarda perspektivli bərpaolunan enerji layihələrini dəstəkləməyi hədəfləyir. Maliyyə bizim enerji, iqlim və sosial-iqtisadi məqsədlərimizin hər bir aspektinin təməlidir”,- deyə o bildirib.

