“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani arasında görüş keçirilib.
İki ölkə arasında güclü dostluq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. “ACWA Power” şirkəti ilə həyata keçirilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası qardaşlığın və tərəfdaşlığın rəmzi kimi dəyərləndirilib. Bu əməkdaşlığın digər perspektivli layihələrlə genişlənəcəyi qeyd edilib.
XQ xəbər verir ki, söhbət zamanı Səudiyyə Ərəbistanı ilə “OPEC+” formatında, həmçinin karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi və tənzimləməsi istiqamətlərində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Enerji sahəsində regional bağlantılar, Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında enerji interkonnektivliyin artırılması ilə bağlı planlar çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib.



