Ölkəmiz bərpaolunan enerji sahəsində liderliyini sürətlə gücləndirir

post-img

Müasir çağırışlar fonunda enerji təhlükəsizliyinin təmin edilməsi və ekoloji tarazlığın qorunması xüsusi əhəmiyyət kəsb edir. Bərpaolunan enerji mənbələrinin inkişafı dövlətlərin əsas strateji istiqamətlərindən birinə çevrilmişdir. Məhz bu reallıqlar şəraitində Azərbaycan qlobal tendensiyalara uyğun olaraq enerji siyasətində yeni mərhələyə qədəm qoyur və alternativ, eləcə də “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. 

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki,  “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi də bu siyasətin uğurlu nəticələrindən biri kimi tarixə qovuşdu. 

Tədbirdə çıxış edən Prezident İlham Əliyev stansiyanın tikintisində iştirak edən beynəlxalq şirkətlərin rolunu xüsusi vurğuladı. İnvestor “ACWA Power” şirkətinin Azərbaycanda ilk bərpaolunan enerji layihəsini həyata keçirməsini ölkəyə olan etimadın göstəricisi hesab edərək bu əməkdaşlığın gələcəkdə daha geniş layihələrlə davam etdiriləcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı həmçinin Azərbaycan energetiklərinin peşəkarlığını vurğulayaraq bərpaolunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyasının mürəkkəb və məsuliyyətli proses olduğunu diqqətə çatdırdı. Qarşıdakı illərdə bu sahədə yeni layihələrin sayının artacağını və enerji sektorunda davamlı inkişafın təmin olunacağını bildirdi. Prezident İlham Əliyev son illərdə ölkənin enerji infrastrukturunun əsaslı şəkildə yeniləndiyini və generasiya güclərinin əhəmiyyətli dərəcədə artdığını xatırladaraq həm ənənəvi, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişafının Azərbaycanın enerji təhlükəsizliyini gücləndirdiyini, yeni stansiyaların istifadəyə verilməsinin isə daxili tələbatı ödəməklə yanaşı elektrik enerjisi ixracı üçün də geniş imkanlar yaratdığını söylədi. 

Deputat sonda qeyd edib ki, Azərbaycanın əlverişli investisiya mühiti və sabit maliyyə vəziyyəti xarici və yerli investorlar üçün geniş imkanlar yaradır. Təsadüfi deyil ki, enerji sektorunda həyata keçirilən islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilir və bu da ölkəmizin iqtisadi etibarlılığını bir daha təsdiqləyir.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi dövlət başçısının bildirdiyi kimi önəmli hadisədir. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına mühüm töhfə verəcək, enerji təhlükəsizliyini gücləndirəcək və ekoloji cəhətdən təmiz enerji istehsalına keçidi sürətləndirəcək. Bir sözlə, ölkəmiz bərpaolunan enerji sahəsində liderliyini sürətlə gücləndirir və xarici investisiyaları cəlb etməklə iqtisadi maraqlarını qoruyur, enerji təhlükəsizliyini təmin edir və dayanıqlı inkişafı dəstəkləyir.

İqtisadiyyat