Bu il ticarət dövriyyəsi 1,7 dəfə yüksəlib
Azərbaycan–Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında qarşılıqlı etimad üzərində formalaşmış iqtisadi əməkdaşlıq uzun illərdir ki, uğurla davam edir. Enerji sahəsində başlanan bu tərəfdaşlıq getdikcə daha geniş dairəni əhatə edərək ticarət, maliyyə, nəqliyyat, “yaşıl enerji” və innovasiya kimi istiqamətlərdə dərinləşib. Bu gün Böyük Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyasında mühüm rol oynayan aktor kimi də çıxış edir.
Məlum olduğu kimi, Azərbaycan–Böyük Britaniya iqtisadi münasibətlərinin əsasını enerji sektoru təşkil edir. Böyük Britaniyanın aparıcı enerji şirkətlərindən biri olan BP artıq 30 ildir ki, Azərbaycanın neft-qaz strategiyasının əsas iştirakçılarındandır. “Əsrin müqaviləsi”ndən başlayaraq “Azəri–Çıraq–Günəşli”, “Şahdəniz”, Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrdə BP-nin iştirakı bu əməkdaşlığın strateji xarakterini açıq şəkildə nümayiş etdirir.
Azərbaycanla Böyük Britaniya arasında ticarət əlaqələri də yüksələn xətt üzrə inkişaf edir. Cari ilin yanvar–oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 23 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 409,4 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur. 2025-ci ilin ilk 10 ayında Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 2,5 faizi həcmində olub. Bununla da Böyük Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən böyük həcmdə sərmayə qoyan ölkə kimi ilk sırada qərarlaşıb. 2023-cü ilin sonunadək bu ölkə Azərbaycanın iqtisadiyyatına, ümumilikdə, 80 milyard ABŞ dollarından artıq investisiya yönəldib.
Yeri gəlmişkən, iki ölkə arasında iqtisadi münasibətlər təkcə Britaniya sərmayələrinin Azərbaycana axını ilə formalaşmır. Azərbaycan da Böyük Britaniya iqtisadiyyatında fəal investor kimi çıxış edir. Rəsmi statistik göstəricilər və beynəlxalq mənbələr Azərbaycanın Britaniyada əsasən strateji və uzunmüddətli gəlir gətirən sahələrə üstünlük verdiyini göstərir. Rəsmi statistik göstəricilər Bakı–London iqtisadi xəttinin dayanıqlı və qarşılıqlı maraqlara əsaslanan xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, Azərbaycan Böyük Britaniya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu əhəmiyyətli dərəcədə artırıb. Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 176 milyon 350 min ABŞ dolları həcmində birbaşa investisiya yatırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına yönəltdiyi investisiyaların ümumi xarici investisiyalarda payı 6,3 faizdən 8,7 faizə yüksəlib. Bu fakt Azərbaycanın artıq təkcə investisiya qəbul edən deyil, eyni zamanda, kapital ixrac edən ölkə kimi mövqeyini gücləndirdiyini göstərir.
Eyni zamanda, Böyük Britaniya da Azərbaycan iqtisadiyyatının əsas investorlarından biri olaraq qalır. 9 ay ərzində Böyük Britaniya Azərbaycana 1 milyard 243 milyon 118 min ABŞ dolları həcmində birbaşa investisiya yatırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalsa da, ölkənin ümumi investisiya portfelində Böyük Britaniyanın payı hələ də yüksəkdir. Belə ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatına yatırdığı investisiyaların payı 26,2 faiz təşkil edib.
Ümumilikdə isə, hesabat dövründə Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi 2 milyard 38 milyon 685 min ABŞ dolları olub ki, bu da illik müqayisədə 47,6 faiz artım deməkdir. Ölkəyə cəlb edilən xarici birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları təşkil edərək 4,7 faiz artıb. Bu dinamika Azərbaycanın beynəlxalq investisiya bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndiyini göstərir.
Qeyd edək ki, Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına birbaşa investisiyalarından biri infrastruktur sektoruna yönəlib. “Reuters”in məlumatına görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Londonda yerləşən və Böyük Britaniyanın ikinci ən böyük hava limanlarından biri olan “Gatwick” aeroportuna təxminən 67 milyon ABŞ dolları məbləğində sərmayə yatırıb. Bu investisiya hava nəqliyyatı, logistika və xidmət infrastrukturu sahəsini əhatə edir və uzunmüddətli sabit gəlir məqsədi daşıyır. “Gatwick” hava limanı hər il 40 milyondan çox sərnişinə xidmət göstərir. Məlumata görə, ARDNF bu investisiya sazişini ABŞ-ın “Global Infrastructure Partners” (GIP) şirkəti ilə birgə həyata keçirib. Qeyd edək ki, GIP hazırda dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “BlackRock”un tərkibinə daxildir.
Musa BAĞIRLI
XQ

