Asiya İnkişaf Bankı “Azərbaycanda dayanıqlı inkişaf məqsədləri naminə strateji qarşılıqlı fəaliyyətin gücləndirilməsi” layihəsinin həyata keçirilməsi üçün Xüsusi Texniki Yardım Fondundan 225 min ABŞ dolları məbləğində vəsaitin ayrılması imkanını nəzərdən keçirir.
Qurumdan verilən məlumata əsasən, təklif olunan texniki yardım Azərbaycanın daha strateji, məlumatlara əsaslanan və gələcəyə yönəlmiş proqramlar hazırlamasına dəstək göstərilməsinə, habelə hökumətin inkişaf sahəsində yaranan çağırışlara cavab vermək potensialının gücləndirilməsinə yönəlib. Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə, onun vaxtında və yüksəkkeyfiyyətli analitik və məsləhət xarakterli dəstək təmin edəcəyi, bununla da dövlət siyasətinin planlaşdırılması və icrası proseslərinin təkmilləşdirilməsinə töhfə verəcəyi gözlənilir. Layihə analitik məhsulların hazırlanmasını və texniki məsləhətlərin təqdim olunmasını, eləcə də yüksəksəviyyəli siyasi dialoqun və maraqlı tərəflər arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Bu arada, Asiya İnkişaf Bankı Bakı Metropoliteninin siqnalizasiya sistemlərinin modernləşdirilməsi və əməliyyatların rəqəmsallaşdırılması layihəsini dəstəkləmək üçün 150,2 milyon ABŞ dolları məbləğində kredit ayırmağı nəzərdən keçirir. Metropolitenin əməliyyat sistemlərinin rəqəmsallaşdırılmasına yönəldilmiş layihə çərçivəsində qatarların hərəkətinin idarə edilməsi və sərnişinlərin daha çox məlumatlandırılması nəzərdə tutulur. Bank sözügedən layihənin Bakı Metropoliteninin həm əməliyyat, həm də maliyyə göstəricilərini yaxşılaşdıracağına mühüm töhfələr verəcəyini proqnozlaşdırır. Eyni zamanda, bu təşəbbüs ictimai nəqliyyata yönəlmiş şəhər mobilliyi sisteminin yaradılmasına töhfə verəcək, bu da əhalinin artımı və şəxsi avtomobillərin çoxalması səbəbindən yaranan nəqliyyat sıxlığını azaltmağa imkan verəcək.
Xatırladaq ki, 2024-cü il dekabrın 31-dək AİB Azərbaycan üçün dövlət sektorunda kreditlər, qrantlar, zəmanətlər və texniki yardım daxil olmaqla, ümumilikdə, 4,4 milyard ABŞ dolları məbləğində 71 layihəni təsdiqləyib. Bankın Azərbaycandakı mövcud suveren portfelinin ümumi məbləği 613,68 milyon ABŞ dolları olan iki kredit və bir suveren zəmanətdən ibarətdir.
Mirbağır YAQUBZADƏ
XQ

