Vaşinqtonda səfərdə olan energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarının (ABŞ) energetika naziri Kris Rayt, ticarət nazirinin köməkçisi və Xarici Ticarət Xidmətinin baş direktoru Devid L.Foqel və Ağ Evin Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüşlər keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşlərdə iki ölkə arasında enerji əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi ilə bağlı məsələlər müzakirə edilib. ABŞ-ın uzun illərdir Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaşı kimi çıxış etməsi, habelə regionda və Avropada enerji təhlükəsizliyinə xidmət edən nəhəng infrastruktur layihələrinin reallaşmasına verdiyi davamlı dəstək məmnunluqla qeyd edilib.
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də keçirilmiş Vaşinqton görüşünün enerji əməkdaşlığını yeni mərhələyə yüksəldən strateji əhəmiyyətindən bəhs edilib. Bu xüsusda, Azərbaycanla ABŞ arasında hazırlanan Strateji Tərəfdaşlıq Xartiyası, habelə TRIPP marşrutunun enerji sahəsində də yeni ikitərəfli və regional xarakterli əməkdaşlığa təkan verdiyi vurğulanıb. Enerji sahəsində sərmayələrin artırılması və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi prioritetlərinə uyğun olaraq neft-qaz, elektrik enerjisinin ixracı-tranzit marşrutları, TRIPP və digər interkonnektor layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi layihəsinin iştirakçısı olan “ExxonMobil” şirkəti ilə əməkdaşlığın genişlənməsi, eləcə də “SOCAR Trading”in Hyustonda çoxşaxəli fəaliyyəti nəzərdən keçirilib. ABŞ şirkətləri ilə texnologiyalar, data mərkəzi də daxil olmaqla müxtəlif istiqamətlərdə mümkün tərəfdaşlıqlar, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və enerji əməkdaşlığının əhatəli Yol xəritəsinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.






