6 ayda qeyri neft-qaz gəlirləri 10 milyard manatı ötüb

post-img

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 10 milyard 277,3 milyon manat olub. Bu da proqnozla müqayisədə 457 milyon manat və ya 4,7 faiz, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 232,3 milyon manat və ya 2,3 faiz çoxdur. Bu barədə məlumatlar Maliyyə Nazirliyinin hesabatında yer alıb.

Qeyd edilib ki, cari ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 6 milyard 417,6 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1 faizini və ya 3 milyard 91,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3 faizini və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 4,3 faizini və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.

2025-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirlərinin qeyri neft-qaz sektoru üzrə proqnoza nisbətən vergi orqanlarının xətti ilə daxilolmalar 218,6 milyon manat və ya 3,5 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar 4,1 milyon manat və ya 0,1 faiz, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar 319,2 milyon manat və ya 3,3 dəfə çox, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 84,9 milyon manat və ya 21,4 faiz az icra olunub.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları isə 9 milyard 526,6 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3 faiz çoxdur. 2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24 faizi və ya 2 milyard 286,1 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76 faizi və ya 7 milyard 240,5 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Xatırladaq ki, 2025-ci ilin altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 803,9 milyon manat, xərcləri 17 milyard 95,6 milyon manat təşkil edib. Nəticədə, dövlət büdcəsində 2 milyard 708,3 milyon manat məbləğində profisit yaranıb.

 

İqtisadiyyat