BMT platformasında Qarabağ həqiqətləri

post-img

İşğala son qoyulması ölkənin iqtisadi bütövlüyünü də təmin edib

Azərbaycan Baş nazirinin müavini Samir Şərifov İspaniyanın Sevilya şəhərində keçirilən BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının plenar iclasında çıxış edərək bildirib ki, Ermənistan ölkəmizin 20 faiz ərazisini 30 il işğal altında saxlayıb və ölkəmiz 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsi ilə bu təcavüzə son qoyub. Yalnız bundan sonra işğaldan azad olunan ərazilərdə tikinti, bərpa–quruculuq işləri başlayıb.

S.Şərifovun sözlərinə görə, təcavüz nəticəsində Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınan soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması məqsədilə indiyədək Böyük Qayıdış Dövlət Proqramının icrasına büdcədən 15 milyard ABŞ dolları məbləğində vəsait sərf edilib. Baş nazirin müavini daha sonra bildirib ki, Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal nəticəsində Azərbaycana 150 milyard dollar dəyərində zərər vurulub. Zərərin 15 faizdən artıq hissəsi isə ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Prezident İlham Əliyevin qərarı ilə mina təhlükəsizliyi Azərbaycan tərəfindən 18-ci milli Davamlı İnkişaf Məqsədləri (DİM) kimi qəbul edilib və bu yanaşma digər ölkələrə də tövsiyə olunub.

Xatırladaq ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4 min 866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq əlilə çevrilib. Respublikamızın çoxsaylı maddi-mədəni nümunələri, o cümlədən 44 dini məbəd, 18 məscid qəddarcasına dağıdılıb. İşğal altında qalan ərazilərdə 12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli 9 saray yerlə bir edilib, 40 min tarixi-etnoqrafik əhəmiyyətə malik eksponat işğalçı ölkəyə daşınıb. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiyyətli əlyazma nümunələri yandırılıb.

Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sənaye və kənd təsərrüfatı obyektləri də tamamilə sıradan çıxarılıb. Əkin sahələrinin müəyyən hissəsi işğalçı tərəfindən əkilib-becərilərək əldə olunan məhsul hesabına qazanılan böyük həcmdə vəsait mənimsənilib.

Düşməndən azad edilən ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri Azərbaycanın qarşısında dayanan ən mühüm strateji prioritetlərdən birinə çevrilib. Samir Şərifovun konfransda vurğuladığı kimi, 30 illik işğal nəticəsində didərgin düşən bir milyondan artıq soydaşımızın doğma torpaqlarına qayıtması istiqamətində həyata keçirilən Böyük Qayıdış Dövlət Proqramı xalqımız tərəfindən yüksək dəyərləndirilib.

Hazırkı mərhələyə qədər bu proqramın gerçəkləşdirilməsinə dövlət büdcəsindən yönəldilən 15 milyard dollar vəsait hesabına Qarabağ və Şərqi Zəngəzurda yollar, su və elektrik xətləri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa olunub. Ağalı, Talış, Laçın, Zabux və bir sıra digər kənd və şəhərlərdə məskunlaşma aparılıb.

Bərpa olunan ərazilər yalnız fiziki infrastruktur cəhətdən deyil, həm də sosial-iqtisadi və mədəni dirçəliş baxımından yenidən formalaşır. “Ağıllı” kənd konsepsiyası, “yaşıl” enerji zonası statusu, ekoloji balansın qorunması, müasir şəhərsalma prinsipləri əsasında aparılan tikinti işləri gələcəyə yönəlmiş strateji baxışın təcəssümüdür.

Azərbaycanın Hökumət Komissiyasının hesablamalarına əsasən, Ermənistanın hərbi təcavüzü və işğalı nəticəsində ölkəmizə vurulan zərər 150 milyard ABŞ dollarını ötüb. Bu rəqəm təkcə dağıdılmış infrastrukturla deyil, eyni zamanda, sosial-iqtisadi və ekoloji nəticələrlə də bağlıdır. Ən ağrılı problemlərdən biri isə ərazilərin minalarla çirkləndirilməsidir. Baş nazirin müavini Samir Şərifovun BMT konfransının plenar iclasında vurğuladığı kimi, ümumi zərərin 15 faizdən çoxu məhz minalarla bağlıdır. Təkcə 2020-ci ildən sonra, sülh dövründə minaya düşərək həlak olan və ya ağır yaralanan mülki vətəndaşların və hərbçilərin sayı dəfələrlə artıb.

Yeri gəlmişkən, 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanılması təkcə bir ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüz aktı deyildi. Bu, həm də beynəlxalq hüququn, humanitar dəyərlərin və ədalət prinsiplərinin ayaqlar altına atılması idi. Bu dövrdə beynəlxalq ictimaiyyətin, dünya güclərinin və qlobal təşkilatların susqunluğu, ya da riyakar ikili standartlarla məsələyə yanaşması Azərbaycanın haqlı narazılığını doğururdu. Bu xüsusda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) bəzi qərarları da dünya miqyasında baş alıb gedən selektiv ədalət meyarlarının nümunəsi kimi dəyərləndirilirdi.

Buna ən bariz nümunələrdən biri kimi 2017-ci il dekabrın 12-də AİHM-in Ermənistan tərəfindən Laçın rayonunun azərbaycanlı sakinləri – Çıraqov, Cəbrayılov, Həsənov, Paşayev və digər iki şəxsin iddiaları əsasında çıxardığı qərar göstərilə bilər. Qərarda açıq şəkildə təsdiqlənirdi ki, iddiaçılar 1992-ci ildə öz doğma torpaqlarından zorla qovulub, onların mülkləri ermənilər tərəfindən mənimsənilib və nəticədə həmin şəxslər bu ərazilərə geri dönə bilməyiblər. Qərarda Ermənistanın birbaşa təqsirkar olduğu qeyd olunur və Ermənistan dövləti iddiaçılara mənəvi zərərə görə 5 min avro, eləcə də ümumi xərclərə görə 28,642 funt sterlinq kompensasiya ödəməyə məcbur edilib.

Lakin bu qərarın özündə belə ciddi çatışmazlıqlar müşahidə olunurdu. Belə ki, AİHM maddi ziyanın dəqiq hesablanmasının “mümkün olmamasını” əsas gətirərək, işğal nəticəsində dağıdılmış evlərin, tarlaların, infrastrukturların və digər mülki obyektlərin real dəyərinin müəyyənləşdirilməsinə dair hər hansı təşəbbüs göstərməyib. Halbuki beynəlxalq hüquq çərçivəsində işğal olunan ərazilərdə mülki və maddi zərərlərin kompensasiyası tam şəkildə həyata keçirilməli və hüquq pozuntusuna yol verən dövlət bunun maliyyə məsuliyyətini daşımalı idi.

Qeyd edək ki, Ermənistanın işğal siyasəti nəticəsində yalnız Laçında deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda minlərlə ailə doğma torpağından didərgin düşüb. Onların mülkləri yandırılıb, dağıdılıb və ya qanunsuz şəkildə ermənilər tərəfindən istifadə olunub. Bu vandalizm aktları – məscidlərin tövləyə çevrilməsi, qəbiristanlıqların təhqir olunması, meşələrin və tarixi abidələrin məhv edilməsi yalnız etnik və dini nifrətin nəticəsi deyil, həm də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Bu baxımdan, AİHM-in həm Çıraqov və digərlərinin, həm də Sarkisyan adlı erməni qaçqının şikayətinə eyni gündə baxması və formal şəkildə “tərəflərarası balansı qorumağa” çalışması ədalətin siyasi kontekstdə necə manipulyasiya oluna biləcəyinin göstəricisidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı cinayətlər, soyqırımı və məcburi deportasiya faktları fonunda bir nəfər erməni qaçqının şikayətinin “paralel şəkildə” araşdırılması yalnız ikili standartların nəticəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan dövləti bu illər ərzində beynəlxalq platformalarda daim ədalətin bərpası uğrunda mübarizə aparıb. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn bərpası üçün siyasi, diplomatik və hüquqi vasitələrdən maksimum istifadə edib. Məhz bu səylərin nəticəsində 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Lakin işğal dövründə baş verən hüquq pozuntularının tam ədalətli şəkildə qiymətləndirilməsi üçün hüquqi müstəvidə işlər davam etdirilməlidir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq bildirib ki, biz dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və biz beynəlxalq məhkəmələrə də müraciət etmək əzmindəyik, hazırlıq işləri gedir.

Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa – quruculuq işləri aparılır, lakin hər dağıdılmış kəndin, hər məhv edilmiş abidənin arxasında insan taleləri, itirilmiş gələcəklər, dağıdılmış ailələr dayanır. Bu baxımdan hüquqi kompensasiyalar yalnız simvolik məna daşımaqla kifayətlənməməli, həm də real ədalət prinsipinə əsaslanaraq Ermənistanın törətdiyi zərərlərin bütünlüklə ödənilməsi təmin olunmalıdır.

Azərbaycan xalqı humanist və hüquqa hörmət edən xalqdır. Amma bu, o demək deyil ki, 30 illik işğal, etnik təmizləmə və mədəni soyqırımı unutdurulmalıdır. Əksinə, belə hadisələrin beynəlxalq hüquqda presedent kimi tanınması və gələcəkdə oxşar təcavüzlərin qarşısının alınması üçün ciddi hüquqi mexanizmlər formalaşdırılmalıdır. Çıraqov işi bu yolda kiçik, amma mühüm bir addım idi, gecikmiş ədalətin səsi idi.

Lakin bu səs daha gur eşidilməli, beynəlxalq ictimaiyyət bu kimi hallarda susmamalı və əsl ədalətin yanında yer almalıdır. Əgər insan hüquqları yalnız siyasi maraqlara görə seçici şəkildə müdafiə olunursa, bu zaman həmin hüquqların mahiyyəti və dəyəri də sual altına düşür.

V.BAYRAMOV
XQ

İqtisadiyyat