İqtisadi kreditlər ilk dəfə 30 milyard manatı ötüb

post-img

Mərkəzi Bankın məlumatına görə, bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 189 milyon manat (aylıq müqayisədə 1 faiz, ilin əvvəlinə nisbətən 3,1 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 13,9 faiz çox) təşkil edib.

Kredit qoyuluşunun 20 milyard 980 milyon manatı və yaxud 69,5 faizi (bir il əvvələ nisbətən 12,1 faiz çox) özəl bankların payına düşüb. 

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 406 milyon manat (illik müqayisədə 14,8 faiz çox) təşkil edib. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 faizdən 24,5 faizə yüksəlib.

İyunun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT-ların) kredit qoyuluşu 1 milyard 802 milyon manat (illik müqayisədə 34,5 faiz çox) olub. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 faizdən 6 faizə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.

İqtisadiyyat