Ərzincanda investorlar Azərbaycandakı biznes mühitinin üstünlükləri barədə məlumatlandırılıb

post-img

İyunun 11-də Türkiyənin Ərzincan vilayətinin Ticarət və Sənaye Palatasının binasında “İnvestisiyalar və Azərbaycanda biznes imkanları” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirələr Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşəbbüsü, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Ərzincan valiliyinin və bu şərqi Türkiyə vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə təşkil olunub.

Tədbir Azərbaycanın Konstitusiya və Suverenlik İlinə həsr olunub. Görüşdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Ərzincan valisinin köməkçisi Rumeysa Sena Kurt, Ərzincan Ticarət və Sənaye Palatasının rəhbəri Ahmet Tanoğlu, vilayətdə fəaliyyət göstərən bir sıra qurum və aparıcı şirkət rəhbərləri iştirak ediblər.

Ərzincan Ticarət və Sənaye Palatasının rəhbəri Ahmet Tanoğlu Ərzincan ilə Azərbaycan şirkətləri arasında mövcud əməkdaşlıqdan danışıb, türkiyəli iş adamlarının Bakıda keçirilən sərgilərdə fəal iştirak etdiyini xatırladıb: “Ərzincanı Azərbaycanla dərin tarixi və mədəni əlaqələr bağlayır. Qarşımızda duran əsas vəzifələrdən biri bu münasibətlərin iqtisadi təməlini daha da möhkəmləndirmək, iki ölkənin biznes mühitini daha da yaxınlaşdırmaqdır”.

Palata rəhbəri Ərzincanın strateji mövqeyini, iqtisadi potensialını diqqətə çatdırıb.O, Türkiyə investorlarının Azərbaycana göstərdiyi böyük marağı xüsusi vurğulayıb.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev və Qarsdakı baş konsulu Zamin Əliyev çıxışlarında iş adamlarını Azərbaycana fəal investisiya qoymağa dəvət ediblər.

Tamerlan Tağıyev bildirib ki, Azərbaycana sərmayə yatırmaq investorlar üçün əhəmiyyətli qazanc vəd edir. “Ölkəmizin güclü və inkişaf etmiş iqtisadiyyatı, investorlar üçün əlverişli şəraiti var. Dövlət tərəfindən yatırımlar fəal şəkildə təşviq olunur, biznes mühiti yeni sərmayələrə stimullaşdırılır”.

Baş konsul Zamin Əliyev də Azərbaycan bazarının imkanlarından danışaraq, “Bir millət, iki dövlət” kəlamı fonunda Azərbaycan-Türkiyə qardaşlığının daha da dərinləşməsinin əhəmiyyətini qeyd edib.

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin baş müşaviri Cavid Abdullayev isə ölkəmizin biznes mühitinin imkanları ilə bağlı ətraflı təhlillə çıxış edib. O, Azərbaycanın iqtisadiyyatında ən perspektivli sahələr və investorlar üçün tətbiq olunan təşviq mexanizmləri barədə ətraflı məlumat verib və ərzincanlı iş adamlarının suallarını cavablandırıb.

İqtisadiyyat