Süni intellekt yeni texnoloji inqilab yaradır

post-img

Ölkəmiz rəqəmsal gələcəyə inamla gedir

Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” ilə dövlətin texnoloji inkişaf konsepsiyasında yeni bir mərhələnin başlanması rəsmiləşdirilib. Ekspertlər tərəfindən bu strateji sənəd Azərbaycanın dünya süni intellekt ekosistemində fəal rol oynayan, etik standartlara sadiq, inklüziv və davamlı tərəqqiyə səbəb olan bir ölkəyə çevrilmə istiqamətində atdığı ciddi addım kimi yüksək dəyərləndirilib.

Bu strateji sənəd Azərbaycanın süni intellekt texnologiyalarının təşəkkül tapması, tətbiqi və tənzimlənməsi baxımından dövlət səviyyəsində ilk sistemli yanaşmasını ehtiva edir. Beləliklə, Azərbaycan rəqəmsal gələcəyin formalaşmasında söz sahibi olmaq iddiasını bir daha beynəlxalq dünyanın diqqətinə çatdırır. Strategiyanın təsdiqi ilə dövlətin texnoloji inkişaf konsepsiyasında artıq yeni bir mərhələ rəsmiləşdirilib. Bununla da təkcə texnologiyanın idxalı və istifadəsi deyil, eyni zamanda, milli səviyyədə süni intellektin tədqiqi, inkişafı və inteqrasiyası gündəmdə yer alıb. Ümumiyyətlə, diqqətə çatdırılan bu sənədlə texnoloji yeniliklərin tətbiqi ilə bərabər, həm də bu yeniliklərin etik, hüquqi və sosial çərçivədə həyata keçirilməsi üçün yol xəritəsi müəyyənləşdirilib.

Sənədin əsas məqsədlərindən biri süni intellektin idarə olunması üçün milli sistemin formalaşdırılmasıdır. Bu idarəetmə modeli şəffaflıq, hesabatlılıq və etik prinsiplərə əsaslanan çevik və innovativ yanaşmaları ehtiva edir. Beləliklə, texnologiyanın sürətli inkişafı fonunda vətəndaşların hüquq və maraqları da qorunur.

Strategiyanın fərqləndirici xüsusiyyətlərindən biri də onun etik və inklüziv prinsiplərə əsaslanmasıdır. Süni intellekt texnologiyalarının təkcə iqtisadi səmərə baxımından deyil, həm də sosial ədalət və dayanıqlılıq aspektindən qiymətləndirilməsi sənəddə öz əksini tapır. Bu isə Azərbaycanın texnoloji inkişafının yalnız bir təbəqənin deyil, bütün cəmiyyətin rifahına yönəltmək əzmindən xəbər verir.

Ekspertlər qeyd edirlər ki, strategiyada göstərilən yanaşma beynəlxalq təcrübəyə uyğundur və ölkənin qlobal süni intellekt ekosistemində fəal oyunçuya çevrilməsi üçün ciddi potensial yaradır. Eyni zamanda, sənədin tərtibində beynəlxalq təşkilatların, elmi institutların və özəl sektor nümayəndələrinin fikirləri nəzərə alınıb ki, bu da strateji vizyonun hərtərəfli olmasını gerçəkləşdirir.

Strategiyada süni intellekt texnologiyalarının ilkin tətbiq ediləcəyi prioritet sahələr də dəqiq müəyyənləşdirilib. Bu sıraya kənd təsərrüfatı, səhiyyə, nəqliyyat və təhsil sektorları daxil edilib. Bu sahələrin seçilməsi isə təsadüfi olmayıb. Belə ki, hər birində süni intellekt texnologiyalarının tətbiqi diqqətdə saxlanılmaqla həm xidmət keyfiyyətinin yüksəldilməsinə, həm də insan resurslarının daha səmərəli istifadəsinə böyük əhəmiyyət verilib.

Kənd təsərrüfatı sahəsində süni intellekt torpaq məhsuldarlığının təhlili, suvarma sistemlərinin avtomatlaşdırılması, xəstəliklərin erkən diaqnostikası və zərərvericilərlə mübarizə kimi istiqamətlərdə tətbiq oluna bilər. Süni intellektin rolunun ərzaq təhlükəsizliyinin gücləndirilməsində və kənd əhalisinin rifahının yüksəldilməsində də önə çəkiləcəyi gözlənilir.

Səhiyyə sektorunda süni intellekt texnologiyaları diaqnostik proseslərin avtomatlaşdırılması, tibbi məlumatların təhlili və fərdi müalicə protokollarının hazırlanması ilə bu sahədə xidmətlərin keyfiyyətini artırmağa yönəldilib. Bu məsələdə səhiyyə resurslarının daha səmərəli bölgüsünə imkan yaradılacağı da nəzərdə tutulub.

Nəqliyyat sahəsində isə “ağıllı” nəqliyyat sistemlərinin qurulması, hərəkət sıxlığının idarə olunması, avtomatlaşdırılmış nəqliyyat vasitələrinin tətbiqi və yol təhlükəsizliyinin gücləndirilməsi əsas istiqamətlər sırasındadır. Bu texnologiyalar, eyni zamanda, ətraf mühitin mühafizəsinə töhfə verməyə qadirdir.

Strategiyanın həyata keçirilməsi üçün dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq zəruridir. Bu məqsədlə innovasiya mərkəzləri, texnoparklar və startap ekosistemləri üçün xüsusi təşviq mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Eyni zamanda, yerli şirkətlərin beynəlxalq təcrübədən bəhrələnməsi üçün qlobal texnologiya nəhəngləri ilə tərəfdaşlıq imkanlarının genişləndiriləcəyi də planlaşdırılır.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə olunması mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını gerçəkləşdirmək, habelə ixtisaslı kadr potensialını gücləndirmək qarşıya mühüm vəzifə kimi qoyulub. Sənəddə nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.

Strategiya Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Eyni zamanda, yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması və innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır.

Strategiya çərçivəsində müəyyənləşdirilən prioritet istiqamətlərin həyata keçirilməsi ilə süni intellektin inkişafı dəstəklənəcək, müvafiq infrastruktur qurulacaq, etik və hüquqi çərçivə yaradılacaq, kadr potensialı gücləndiriləcək və əlverişli biznes mühiti reallaşdırılacaq.

Ayaz MUSEYİBOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini

Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi prioritetinin icrası nəticəsində innovasiyaların təşviqi və sərmayələrin cəlbi ilə ölkə iqtisadiyyatı gücləndiriləcək, eyni zamanda, etik və hüquqi çərçivə yaradılması ilə cəmiyyətin maraqları qorunacaq, süni intellektin tətbiqi zamanı şəffaflıq və ədalət gerçəkləşdiriləcək. Bu, eyni zamanda, süni intellektə olan etimadı artıraraq sosial-iqtisadi faydaların daha geniş yayılmasına imkan verəcək.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda “Məlumatların idarəedilməsinin və infrastrukturunun təkmilləşdirilməsi” prioritetinin icrası məlumatların səmərəli idarə olunmasını, təhlükəsizliyini və yüksək hesablama infrastrukturunun inkişafını gerçəkləşdirəcək. Təbii Dil Emalı (TDE) texnologiyalarının gücləndirilməsi müxtəlif sektorlarda məlumatların təhlilini və qərar qəbuletməni daha səmərəli edəcək. Bu, süni intellektin tətbiqi üçün lazımi texnoloji bazanın yaradılmasını, məlumatların daha düzgün və təhlükəsiz istifadəsini şərtləndirəcək. Nəticədə, rəqəmsal transformasiyanın inkişafına və müasir texnologiyaların səmərəli istifadəsinə imkan yaranacaq.

“Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” prioritetinin icrası süni intellekt sahəsində ölkənin kadr potensialını gücləndirərək mütəxəssislərin hazırlanmasını təmin edəcək və dövlət orqanlarının rəhbər heyətinin süni intellektin tətbiqi sahəsində biliklərini artıracaq. İctimaiyyətin məlumatlığının artırılması və tədqiqatların təşviqi ilə cəmiyyətdə texnologiyalara inam güclənəcək və süni intellektin tətbiqinin etik və məsuliyyətli şəkildə yayılması reallaşdırılacaq. Bu, həm də dövlətin və özəl sektorun rəqəmsal transformasiyasını sürətləndirəcək, həm də ölkənin süni intellekt sahəsində beynəlxalq mövqeyini möhkəmləndirəcək.

“Əlverişli biznes mühitinin yaradılması” prioritetinin icrası süni intellekt sahəsində sərmayə qoyuluşunu artırmağa, innovasiyaları dəstəkləməyə və bazar iştirakçıları üçün əlverişli şərait yaratmağa xidmət edəcək. Dövlətin təşviq etdiyi qanunvericilik dəyişiklikləri və təşviqatlar vasitəsilə startaplar və texnoloji şirkətlər üçün daha əlverişli iş mühiti yaradılacaq. Bu, həmçinin müstəqil sahibkarlığın inkişafını sürətləndirəcək, yerli və beynəlxalq investorların diqqətini cəlb edəcək və süni intellektin inkişafına töhfə verəcək. Nəticədə, iqtisadiyyatda yeni iş imkanları yaradılacaq və rəqabət qabiliyyəti güclənəcək.

 



İqtisadiyyat