Ələt Azad İqtisadi Zonasına hava qapısı açılır

post-img

Ələt Azad İqtisadi Azad Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” mövzusunda keçirilən beynəlxalq tədbirdə bildirib ki, əvvəl fəaliyyəti yük daşınması üçün nəzərdə tutulan, lakin sonradan beynəlxalq hava limanı olmasına qərar verilən Ələt Azad İqtisadi Zonasında tikilən aeroport 750 hektar ərazini əhatə edəcək.

Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşir. Burada hava limanı tikiləndən sonra investorlar üçün bütün nəqliyyat-logistika məsələləri çox sadə və əlverişli şəraitdə həll olunacaq.

Xatırladaq ki, Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi 2021-ci il iyulun 1-də keçirilib. Həmin vaxtdan indiyədək bu mühüm infrastrukturun qurulması ilə bağlı genişmiqyaslı layihələrin reallaşdırılması istiqamətində zəruri addımlar atılıb. Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək olub. İnnovativ texnologiyalar əsasında xidmətlər göstərən investorları cəlb etmək, bu yöndə səmərəli fəaliyyət üstünlüyünü diqqətdə saxlayan beynəlxalq qurumların Azərbaycan şirkətləri ilə birgə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, eləcə də on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflər sırasında yer alıb.

 

İqtisadiyyat