Antiinhisar və istehlakçı hüquqları üzrə beynəlxalq təcrübə öyrənilir

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində agentliyin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi, reklam və istehlak bazarına nəzarət sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə keçirilən təlim və görüşlərdə iştirak ediblər.

Qurumdan XQ-yə verilən məlumata görə, Türkiyənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsinin mütəxəssisləri tərəfindən keçirilən İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramı çərçivəsində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və reklam fəaliyyəti sahələrindəki qanunvericilik alətləri mövzularını əhatə edən təlimlər isə daha maraqlı və yaddaqalan olub.

Təlimlər zamanı istehlakçı arbitraj komitələrinin işi, qeyri-qanuni ticarət fəaliyyəti ilə bağlı qaydalar, bazara nəzarət mexanizmləri, reklam sahəsində istehlakçı hüquqlarının müdafiəsi, abunəlik və məsafədən satış müqavilələri, turizm, qüsurlu məhsul və xidmətlər, satış sonrası xidmətlərə dair hüquqi tənzimləmələr barədə ətraflı məlumat verilib.

Mentorluq Proqramı çərçivəsində, həmçinin Türkiyədə həyata keçirilən Yenilənmiş Məhsul Sistemi üzrə təqdimatlar nümayiş etdirilib. Təqdimat zamanı bu sistemin mahiyyəti, tətbiq sahələri və istehlakçılar üçün yaratdığı üstünlüklər iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, agentlik nümayəndələri Türkiyə Reklam Şurasının iclasında reklam sektorunda istehlakçı hüquqlarının pozulması hallarının müəyyənləşdirilməsi prosesi, pozuntu hallarının aradan qaldırılması üçün atılan addımlar və qərar qəbuletmə mexanizmlərinə həsr olunmuş müzakirələrdə iştirak ediblər.

Nümayəndə heyətinin üzvləri iki dost və qardaş ölkənin birgə təşəbbüsü ilə yaradılan, Türkiyə Respublikasının Ticarət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Türk Dünyası Marketinq, Reklam və Media Birliyinin təsis mərasimində iştirak ediblər. Tədbir zamanı birliyin fəaliyyət istiqamətləri, ölkələr arasında sıx əməkdaşlıq və informasiya mübadiləsinin təşkili məsələləri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası 2006-cı ildə İstehlakçıların Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə üzv qəbul edilib. 2023-cü ildə isə təşkilatın Məsləhət Qrupuna üzv seçilmiş ölkəmizi beynəlxalq təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi təmsil edir.

 

İqtisadiyyat