Bu ilin aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29,7 milyard manat təşkil edib. Bu isə aylıq müqayisədə 277 milyon manat və ya 0,9 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 4,2 milyard manat və ya 16,6 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, cari ilin birinci rübündə kredit qoyuluşunun 7,2 milyard manatı özəl bankların payına düşüb ki, bu da bir ay əvvələ nisbətən 65 milyon manat və ya 0,9 faiz, əvvəlki ilin 1 aprel tarixi ilə müqayisədə isə 1,3 milyard manat və ya 20,9 faiz artım deməkdir. Bundan əlavə, 2025-ci ilin aprelin 1-nə özəl bankların kredit qoyuluşları 20,6 milyard manata bərabər olub. Bu isə aylıq müqayisədə 219 milyon manat və ya 1,1 faiz, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,5 milyard manat və ya 13,9 faiz çoxdur.
Eyni zamanda, cari ilin aprelin 1-nə bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu isə 1,8 milyard manat olub. Bu, aylıq müqayisədə 8 milyon manat və ya 0,4 faiz az,ötən ilin eyni dövrü ilə müqayisədə isə 462 milyon manat və ya 34,5 faiz çoxdur.