Ötən müddətdə 7 hasilat platformasından 605,6 milyon ton neft çıxarılıb
Bu ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində qazma və hasilatla bağlı əməliyyatlar uğurla davam etdirilib. “BP-Azərbaycan” şirkətinin 2025-ci ilin birinci rübünün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları AÇG layihəsinin əməliyyat tədbirlərinə 115 milyon dollar, əsaslı məsrəflərinə isə 251 milyon dollar xərcləyib.
Bildirilib ki, rüb ərzində AÇG yatağında aparılan 4 ölçülü yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik 5 illik tədqiqat proqramı çərçivəsində ötən il əldə olunmuş seysmik məlumatların emalı və cari ilin mayında başlanması nəzərdə tutulan növbəti məlumat toplanması işləri (ikinci il üçün proqrama hazırlıq) həyata keçirilib.
Hesabata əsasən, yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı sabit, təhlükəsiz və etibarlı şəkildə davam etdirilib. İlin ilk rübündə AÇG-də, ümumilikdə, 145 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Hesabat dövründə 6 hasilat platforması vasitəsilə gündə orta hesabla 331 min barel və ya ümumilikdə, təxminən, 30 milyon barel, yəni 4 milyon ton neft çıxarılıb. Ümumi hasilatın 21 min bareli “Çıraq”, 87 min bareli “Mərkəzi Azəri”, 76 min bareli “Qərbi Azəri”, 43 min bareli “Şərqi Azəri”, 54 min bareli “Dərinsulu Günəşli”, 25 min bareli “Qərbi Çıraq” və 25 min bareli “Azəri-Mərkəzi-Şərqi” platformalarının payına düşüb.
Yeri gəlmişkən, bu il fevralın 18-də AÇG layihəsinin tammiqyaslı işlənməsinin birinci mərhələsi çərçivəsində istismara verilmiş “Mərkəzi Azəri” platformasından ilk neftin əldə olumasının 20 ili tamam olub. Həmin vaxtdan platformadan, ümumilikdə 1,1 milyard barel (152 milyon ton) neft hasil edilib. Ümumilikdə, 1997-ci il noyabrın 7-dən AÇG layihəsi çərçivəsində 7 hasilat platformasından indiyədək 605,6 milyon ton neft çıxarılıb.
AÇG-də neft hasilatının sabit saxlanılması məqsədilə konsorsium iştirakçıları qazma əməliyyatlarını nəzərdə tutulmuş qrafikə uyğun davam etdiriblər. Belə ki, rüb ərzində müqavilə sahəsində qazılmış 2 neft hasilatı quyusunun 1-i tamamlanaraq istismara daxil edilib. Bununla yanaşı, AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 2024-cü il sentyabrın 20-də AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə edilmiş yeni əlavəyə uyğun olaraq mühüm tədbirlər həyata keçirilib.
Qeyd edək ki, hazırda SOCAR və konsorsium iştirakçıları sərbəst təbii qaz laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Həmin işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. “Qərbi Çıraq” platformasından qazılmış həmin quyudan ilk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir. Layihəni irəlilətmək baxımından xüsusi əhəmiyyət kəsb edən həmin quyu hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək. Bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Yeri gəlmişkən, AÇG yatağının çıxarıla bilən sərbəst təbii qaz ehtiyatlarının 4 trilyon kub futadək olduğu güman edilir.
Yanvar-mart aylarında AÇG-dən neftin, “Şahdəniz”dən isə kondensat və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etdirilib. Xatırladaq ki, hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, eləcə də “Şahdəniz” qazı üçün təqribən 81 milyon kubmetrdir. Bundan əlavə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı da burada qəbul olunaraq Azərbaycanın qazpaylama sisteminə təhvil verilir. Bütövlükdə isə, terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon kubmetr təşkil edir.
Cari ilin birinci rübündə terminaldan 52,3 milyon bareldən çox neft və kondensat ixrac olunub. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunub. “Şahdəniz” qazı, eləcə də AÇG-nin səmt qazı terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və onun sonradan genişləndirilmiş sistemi, həmçinin terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac edilir.
Məlum olduğu kimi, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, AÇG-dən neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan dövlətinə çatır. Bu ilin ilk rübündə “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə, 0,9 milyard kubmetr səmt qazı Azərbaycanın qazpaylama siteminə təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xam nefti dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, əvvəlki dövrlərdə olduğu kimi, 2025-ci ilin yanvar-mart aylarında da fəaliyyətini uğurla davam etdirib. “BP-Azərbaycan” şirkətinin birinci rübün nəticələrinə dair hesabatına əsasən, konsorsium iştirakçıları tərəfindən BTC üzrə əməliyyat tədbirlərinə 32 milyon dollar, əsaslı məsrəflərinə isə 13 milyon dollar xərclənib.
Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş, təqribən, 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənərək dünya bazarlarına yola salınıb. Bütövlükdə isə, 2006-cı ilin iyun ayında istismara verilmiş 1768 kilometr uzunluğunda olan BTC boru kəməri vasitəsilə 2025-ci ilin birinci rübünün sonunadək 598 milyon tondan çox (4,5 milyard barel) xam neft nəql edilib. Xam neft Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC əsas ixrac boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.