Aprelin 28-də “Hotelstars” İttifaqının Norveçin Oslo şəhərində keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanın tamhüquqlu üzv statusu yekdilliklə təsdiqlənib. Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, Cənubi Qafqaz regionu üzrə ilk dəfə olaraq məhz Azərbaycan tamhüquqlu üzvlük statusu alaraq qurumun idarəedici strukturlarında təmsil olunmaq imkanı qazanıb.
Assambleyada çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev son illər ölkəmizdə hotelçilik sahəsində beynəlxalq keyfiyyət standartlarının yüksəldilməsinin təşviq olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hotellərin ulduz kateqoriyalarını müəyyən edən sertifikatlaşma orqanı tərəfindən indiyədək 263 hotelə müxtəlif ulduz dərəcələrinin verilib. O, bu ildən Azərbaycanın regionları üzrə ulduz təsnifatı prosesi aparılacağını və dövlət – özəl tərəfdaşlığının bir istiqaməti kimi regionlarda yerləşən hotellərə birinci il üzrə sertifikat tarifi tətbiq edilməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında 2018-ci ildə imzalanmış birgə fəaliyyət müqaviləsinə əsasən mehmanxanaların ulduz kateqoriyaları “Hotelstars” İttifaqının təsnifat meyarları əsasında hazırlanan Milli Ulduz Təsnifat Sistemi ilə müəyyənləşdirilir.