2025-ci ilin yanvar–mart aylarında Azərbaycandan 122 min 386 ton neft məhsulları ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 min 144 ton və ya 16,3 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, hesabat dövründə ixracdan əldə edilən gəlir 9,7 faiz azalaraq 56 milyon 726 min dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 62 milyon 829 min dollar olub. Göründüyü kimi, cari ilin birinci rübündə əvvəlki ilin müvafiq dövrünə nisbətən neft məhsullarının ixracından əldə olunan gəlir 6 milyon 103 min dollar azalıb.
Neft məhsullarının orta ixrac qiymətinə gəldikdə isə, 2024-cü ildə bir ton neft məhsulunun ixrac dəyəri 597 dollar idisə, 2025-ci ildə bu göstərici 463 dollara düşüb. Bu isə hər ton üzrə 134 dollar və ya 22,4 faizlik azalma deməkdir.
Qeyd edək ki, cari ilin birinci rübündə ölkənin emal müəssisələrində 1 milyard 257,1 milyon manat dəyərində 1 milyon 492,4 min ton neft məhsulları istehsal olunub. Bunun da 337 min tonunu avtomobil benzini, 148,8 min tonunu ağ neft, 552,9 min tonunu dizel yanacağı, 42,4 min tonunu mazut, 9,2 min tonunu sürtkü yağları, 56,9 min tonunu maye qazlar, 171,1 min tonunu isə neft bitumu və neft koksu təşkil edib.