“Azərbaycan Dəmir Yolları” (ADY) Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı əsas elementlərindən olan Astara Terminalında (İran İslam Respublikasının ərazisində) tikinti işlərini sürətləndirib.
ADY-dən verilən məlumata görə, terminalın layihələndirmə işlərinin 85 faizi, tikinti-quraşdırma işlərinin isə 72,4 faizi artıq başa çatdırılıb. Astara stansiyasından İran İslam Respublikası ilə sərhədə qədər 8,3 kilometr dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 körpünün tikintisi nəzərdə tutulub. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin isə 90 faizi başa çatdırılıb.
Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam yekunlaşdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulub.
İranın Astara şəhərində sərhədin 1,4 kilometrliyində yerləşən terminalın tikintisi aparılan sahə qonşu ölkə tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib və əldə olunan razılaşmaya əsasən, infrastrukturun 2017-ci ildə inşasına start verilib.
Astara Terminalı Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.