Abşeron dairəvi dəmir yolunda xidmət yüksəldilir

post-img

Sərnişinlər Bakıdan Sumqayıtadək ünvanlara daha tez gedəcəklər

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 2025-ci il aprelin 1-dən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Sözügedən marşrut üzrə həftənin iş, şənbə və bazar günləri, ümumilikdə, 61 reys əlavə olunur. Bu barədə XQ-yə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək. Bununla əlaqədar olaraq Biləcəri stansiyasında 1 yeni turniket zalı və 1 yeni 550 mmlik platforma sərnişinlərin istifadəsinə verilib. Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.

Qurumdan verilən məlumata görə, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır, xüsusən də günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Belə ki, iş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt –Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılacaq.

Bununla yanaşı, sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatarın vaxtı 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.

Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, indiyədək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya saat 08:01-də çatırdısa, yeni qrafiklə saat 06:15-də yola düşən qatar saat 06:56-da paytaxtda olacaq. Bundan əlavə, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya saat 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək. Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılacaq.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq.

Yeri gəlmişkən, sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, qurum Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir. Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkana verəcək.

 

İqtisadiyyat