Əsası 10 il əvvəl qoyulmuş bu boru kəməri ilə indiyədək 75 milyard kubmetr “mavi yanacaq” nəql edilib
Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi Azərbaycanın XXI əsrdə qazandığı mühüm nailiyyətlərdən biridir. Bu irimiqyaslı layihənin həyata keçirilməsi həm Azərbaycan, həm də layihədə təmsil olunan şirkətlər, o cümlədən Cənub Qaz Dəhlizinin əsas resurs mənbəyi hesab edilən “Şahdəniz” yatağının işlənməsinə operatorluq edən BP şirkəti üçün əlamətdar hadisə idi. Çünki bütün maraqlı tərəflərin səyləri nəticəsində əfsanədən reallığa çevrilən Cənub Qaz Dəhlizi bundan sonra neçə onilliklər belə ətraf mühitə ziyan vurmadan, səmərəli və təhlükəsiz şəkildə işlənilməsi nəticəsində təkcə regionda deyil, həm də keçdiyi ölkələr boyunca yeni iqtisadi imkanlar yarada bilən bir layihədir.
Üç müxtəlif magistral qaz kəmərinin birləşməsindən ibarət olan Cənub Qaz Dəhlizi başlanğıcını Xəzər dənizinin sahilindəki Səngəçal terminalından götürür və İtaliyanın cənubuna doğru Adriatik dənizinin dibindən keçməklə 3500 kilometr məsafə qət edir. Bu layihənin məqsədi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində hasil edilən təbii qazın Türkiyə və Avropa bazarlarına çatdırılmasını təmin etməkdən ibarətdir.
Bu nəhəng enerji dəhlizinin ilk hissəsi Cənubi Qafqaz Boru Kəmərindən başlayır və Xəzər sahilindən Gürcüstan–Türkiyə sərhədinə qədər olan hissəni birləşdirir. Cənub Qaz Dəhlizinin Türkiyə–Gürcüstan sərhədindən başlayaraq Türkiyənin şərqindən qərbinə doğru uzun bir məsafə qət edərək bu ölkənin Yunanıstanla sərhədinə qədər olan hissəsi Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) adlanır. Türkiyə–Yunanıstan sərhədindən başlayaraq Albaniyadan keçərək İtaliyanın cənubundakı məntəqəsinə qədər olan hissədə inşa edilən magistral qaz kəməri isə Trans-Adriatik Boru Kəməridir (TAP).
Cənub Qaz Dəhlizinin ən uzun hissəsi TANAP kəməridir. Regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürü olan TANAP layihəsi iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə reallaşdırılan nəhəng enerji layihəsidir. Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaran Trans Anadolu boru kəməri ötən müddətdə hər iki ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olub. Təsadüfi deyil ki, bu il martın 5-də Prezident İlham Əliyev İğdır–Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimindəki çıxışı zamanı deyib: “Bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı – Tbilisi – Ceyhan, Bakı –Tbilisi –Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun, təxminən, yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir”.
TANAP layihəsi uzun müzakirələr, bu sahədə imzalanmış hüquqi-normativ sənədlər nəticəsində həyata vəsiqə qazanıb. Xatırladaq ki, 2011-ci il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanıb.
Həmin il dekabrın 26-da “Türkiyə ərazisində magistral qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılması haqqında” Azərbaycan və Türkiyə hökumətləri arasında Anlaşma Memorandumuna imza atılıb. Növbəti ildə isə qaz kəmərinin tikintisi üzrə daha ciddi addımlar atılıb. Belə ki, 2012-ci il iyunun 26-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) sisteminə dair” Saziş imzalanıb. Noyabrın 20-də isə Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş müzakirəyə çıxarılaraq təsdiqlənib.
Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında” Qanunu imzalaması ilə Azərbaycanı Avropa ölkələrinin qaz bazarlarına birləşdirən Trans-Anadolu ixrac boru kəmərinə dair hüquqi bazanın formalaşdırılması başa çatdırılıb.
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan təbii qazı ölkənin hüdudlarından kənara nəql edən Trans-Anadolu Qaz Boru Kəməri ilə bağlı tikinti işlərinə isə 10 il əvvəl start verilib. Məlum olduğu kimi, TANAP-ın təməli 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulub. Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi üzrə tikinti işlərinə, təqribən, beş il vaxt sərf olunub.
Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bu layihə üzrə tikinti işlərinə isə 7 milyard ABŞ dollarına yaxın vəsait xərclənib. Dörd mərhələdə həyata keçirilən layihənin ilk mərhələsi 2018-ci ildə başa çatdırılıb. Həmin il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində boru kəmərinin birinci hissəsinin açılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Ayın 30-da isə Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə başlanıb.
TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib. Həmin gün Türkiyənin Yunanıstanla sərhədində yerləşən İpsala bölgəsində tənətənəli açılış mərasimi keçirilib. Bununla da, Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni səhifə açılıb. TANAP Azərbaycanın Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, qaz bazarlarına daha çox “maye yanacağ”ın çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.
TANAP kəməri Türkiyənin şərqindən qərbinə qədər 1793 kilometr məsafə qət edir. Bunun da 1339 kilometri Gürcüstan–Türkiyə sərhədindən Əskişəhərədək, 454 kilometri isə Türkiyə–Yunanıstan sərhədinədək olan hissəni əhatə edir. Türkiyənin 20 vilayətindən keçən boru kəmərinin diametri quruda 56 və 48, dənizdə isə 36 düymdür. Maksimum hündürlüyü dəniz səviyyəsindən 2700 metr olan TANAP-dan Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb. İllik maksimum ötürücülük qabiliyyəti 30,7 milyard kubmetrə hesablanmış kəmər ilkin mərhələdə ildə 16,2 milyard kubmetr qaz nəql etmək imkanına malikdir. Kəmər boyunca 12 təmizləyici tərtibatın buraxılma kamerası, eyni sayda təmizləyici tərtibatın qəbulu kamerası, 49 bağlayıcı armatur stansiyası, eləcə də 4 qaz sərfini ölçmə stansiyası quraşdırılıb.
Məlum olduğu kimi, TANAP Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan – Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəql edir. Boru kəmərinin ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkil edir. Gələcəkdə isə bu həcmin 31 milyard kubmetrə qədər artırılması mümkündür. TANAP-la nəql edilən qazın, təqribən, 6 milyard kubmetri Türkiyəyə satılır, qalan hissə isə Avropaya göndərilir.
Bütövlükdə isə hazırda TANAP kəməri ilə ötürülən “mavi yanacaq” Avropanın 10 ölkəsinə – Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya ixrac olunur. Cənub Qaz Dəhlizinin ən uzun hissəsi olan TANAP-la qazın kommersiya məqsədli nəqlinə başlanmasından bəri 75 milyard kubmetrdən artıq “mavi yanacaq” daşınıb. Bu barədə boru kəmərinin operatoru açıqlama yayıb. 2025-ci ilin ilk 2 ayında isə bu kəmərlə Türkiyəyə 0,9 milyard kubmetr qaz nəql olunub.
Bununla yanaşı, hesabat dövründə Avropaya ixrac edilən 1,9 milyard kubmetr Azərbaycan qazı da Trans-Adriatik Boru kəmərinə məhz TANAP vasitəsilə ötürülüb. Cari ilin yanvar–fevral aylarında, ümumilikdə, Azərbaycandan xaricə 4,2 milyard kubmetr təbii qaz ixrac edilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmiz hesabat dövründə təbii qaz ixracından 1,55 milyard dollar gəlir əldə edib. Qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 234 milyon kubmetr və ya 5,9 faiz, dəyər ifadəsi ilə isə 91 milyon dollar, yaxud da 6,2 faiz artıb.
Qeyd etdiyimiz kimi, uzunluğuna və diametrinə görə Yaxın Şərqdə inşa edilmiş ən böyük magistral qaz ixracı infrastrukturu olan TANAP Gürcüstan – Türkiyə sərhədindən başlayaraq Cənubi Qafqaz Boru Kəməri sisteminə inteqrə edilərək Türkiyə ərazisindən keçməklə bu ölkənin Yunanıstan sərhədində başa çatır. Buradan isə təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşdirilir. Yeri gəlmişkən, Trans-Adriatik Qaz Boru Kəmərinin operatoru olan TAP AG konsorsiumunun məlumatına görə, istismarına başlanıldığı 2020-ci il dekabrın 31-dən indiyədək kəmərlə, ümumilikdə, 44,40 milyard kubmetr həcmində qaz nəql olunub. Bunun da 4,2 milyard kubmetri Yunanıstana, 2,74 milyard kubmetri Bolqarıstana və 37,05 milyard kubmetri isə İtaliyaya daşınıb.
Bir məqamı da diqqətə çatdıraq ki, TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatında mühüm rol oynayır. Boru kəməri 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan – Bolqarıstan interkonnektoruna (birləşdirici kəmər) da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, eləcə də İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının Avropa bazarlarına daha böyük həcmdə nəqlinə əlavə imkanlar yaradır.
Bütövlükdə isə Cənub Qaz Dəhlizinin reallaşması müstəqil Azərbaycanın qarşısına qoyduğu bir uğur hədəfi idi. Bu hədəf insanlarda gələcəyə inam yaratdı. Müqavilənin reallaşması müxtəlif millətlərdən və ölkələrdən olan insanları bir araya gətirdi. Onlar terminallar tikdilər, boru kəməri çəkdilər, platformalar inşa etdilər, Xəzərin dərin qatlarındakı təbii ehtiyatları çıxarmaq üçün müasir texnologiyalar gətirdilər, təbii qaz çıxardılar. Nəhayət, Xəzər kimi qapalı bir hövzəni dünyanın böyük bazarları ilə birləşdirə bildilər. Bu təkcə enerjinin zəfəri deyildi, ölkənin qarşıdakı böyük uğurlarının başlanğıcı və ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın neft-qaz strategiyasının təntənəsi idi.
Xəzərin sahilindən Avropanın dərinlərinədək uzanan nəhəng enerji dəhlizi Azərbaycanı əvvəlcə regionda xüsusi seçilən bir ölkəyə çevirdi, daha sonra isə uzaq dövlətlərlə münasibətlərin formalaşdırılmasına yol açdı. Cənubi Qafqaz Boru Kəmərindən başlayan yol sonradan “Cənub Qaz Dəhlizi” kimi nəhəng bir magistrala çevrildi. Sözügedən layihə, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradır. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulması ilə Azərbaycan, həm də qaz nəqlində tranzit ölkəyə çevrilmək imkanı əldə edəcək.