Son 20 ildə Azərbaycanda dəmir yolları ilə yükdaşımaların həcmində böyük artım qeydə alınıb. Ölkənin polad magistralları ilə daşımaların həcmini daha da artırmaq məqsədilə mövcud dəmiryol xətləri yenilənir, beynəlxalq tərəfdaşlıqlar gücləndirilir. Bu barədə XQ-yə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan dəmir yolları ilə 2022-ci ildən etibarən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə ADY tərəfindən tranzit, idxal, ixrac və daxili rejimlərdə 18,5 milyon tondan çox yük daşınıb. Əvvəlki illə müqayisədə dəmir yolları ilə daşınmış tranzit yüklərin həcmi 5,7 faiz artaraq 7,3 milyon tona, idxal yükləri isə 10 faiz artaraq 5,2 milyon tona çatıb. Əsas tranzit istiqaməti olan Şərq – Qərb marşrutu üzrə isə il ərzində 3,2 milyon tondan çox yük daşınıb.