Levan Davitaşvili: Azərbaycan bizim ən mühüm, strateji iqtisadi tərəfdaşımızdır

post-img

Azərbaycan bizim ən mühüm, strateji iqtisadi tərəfdaşımızdır. Ticarət əlaqələri baxımından Azərbaycan ilk on ticarət tərəfdaşı sırasındadır, bir çox istiqamətlərdə sıx əməkdaşlığımız var.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bunu nazir Levan Davitaşvili Azərbaycan-Gürcüstan münasibətlərini xarakterizə edərkən söyləyib. L.Davitaşvili deyib ki, Gürcüstan və Azərbaycanın iqtisadi əməkdaşlığın bütün sahələrində müsbət dinamikaya malikdirlər: “Komissiyanın iclasında da artım və optimallaşdırma baxımından böyük perspektivləri olan mühüm ümumi enerji layihələrimiz, eləcə də bərpaolunan enerjilər istiqamətində əməkdaşlığın da mühüm perspektivi var.

Biz bərpaolunan enerji layihəsində birgə iştirak edirik. Bu, bizim çoxillik əməkdaşlığımızın yeni strateji istiqamətini müəyyən edən Yaşıl Cənubi Qafqaz Dəhlizinin tikintisidir. Burada da bizdə mühüm irəliləyiş və artım olacaq. Əlbəttə ki, hər iki ölkə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində fəal işləyir və həm Gürcüstan, həm də Azərbaycanın real rəqəmsal mərkəzə çevrilmək üçün böyük potensialı var”, - deyə L.Davitaşvili vurğulayıb.

Gürcüstan Baş nazirinin birinci müavininin məlumatına görə, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə birbaşa investisiyalar baxımından təxminən 3 milyard ABŞ dolları yatırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

İqtisadiyyat