Bununla bağlı 12 normativ-hüquqi akt layihəsi təsdiqlənib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən redaksiyamıza verilən məlumata əsasən, 2024-cü ildə Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı 21 normativ – hüquqi akt layihəsi hazırlanıb və indiyədək onlardan 12-si təsdiq edilib.
Hazırlanan sənədlər rəqabət inzibatçılığı, rəqabəti məhdudlaşdıran sazişlər, iqtisadi təmərküzləşmələr, təbii inhisar sahəsində dövlət tənzimləməsi, rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılma və digər sahələri əhatə etməklə, rəqabət qanunvericiliyinin tətbiqində səmərəliliyin artırılmasına istiqamətlənib.
Xatırladaq ki, 2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Keçən il yanvarın 23-də isə Prezident İlham Əliyev Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanunu təsdiqləyib.
Ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm önəm daşıyan sənəd ölkədə bir sıra sahələrin sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsinə imkan yaradıb. Bununla yanaşı, istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını özündə ehtiva edən Rəqabət Məcəlləsi ölkədə azad sahibkarlığın inkişafına, iqtisadiyyatda inhisarçılığın tamamilə aradan qaldırılması və süni maneələrin götürülməsinə müsbət təsir göstərib.
Ötən il ərzində ölkəmizdə Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunlarla yanaşı, bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması məqsədilə bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair işlər görülüb. Rəqabət qanunvericiliyə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyənləşdirilib.