İqtisadi artım proqnozları nikbinlik doğurur

post-img

Son illər dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycan iqtisadiyyatında gedən dinamik inkişaf proseslərini yüksək qiymətləndirirlər. Bunun nəticəsidir ki, əksər nüfuzlu maliyyə qurumlarının və beynəlxalq reytinq agentliklərinin illik hesabatlarında ölkəmizlə bağlı müsbət məqamlar yer alır. 

Niderlandın “ING Group” şirkətinin Azərbaycanın növbəti iki il üzrə açıqladığı iqtisadi artım proqnozu da bu baxımdan diqqət çəkir. Qurumun hesabatına əsasən, 2025-ci il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 2,6 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində müəyyən edilib. Bu göstəricilər “ING Group”un öncəki proqnozu ilə müqayisədə dəyişməyib. Sənəddə ölkəmizdə cari ilin birinci rübündə iqtisadi artım proqnozu 2 faiz, ikinci rübdə 2,5 faiz, üçüncü və dördüncü rüblərdə isə 3 faiz səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
Bütövlükdə isə, 2025–2026-cı illərdə ölkəmizin iqtisadi artımı ilə bağlı bütün proqnozlar nikbinliyə əsas yaradır. Məsələn, Azərbaycan hökumətinin proqnozlarına görə, 2025-ci ildə ölkədə ümumi daxili məhsulun artımı 3,5 faiz, 2026-cı ildə isə 2,8 faiz səviyyəsində gözlənilir. Xatırladaq ki, yola saldığımız 2024-cü ildə Azərbaycanda iqtisadi artım 4 faizdən çox olub.
Birləşmiş Millətlər Təşkilatının proqnozlarına əsasən, 2025–2026-cı illərdə Azərbaycanda ÜDM-in artımı 3 faiz təşkil edəcək. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə isə 2,4 faiz artacaq. Bu il ölkəmizdə ÜDM artımını 2,5 faiz səviyyəsində proqnozlaşdıran Beynəlxalq Valyuta Fondu isə 2029-cu ildə bu göstəricinin 2,4 faiz təşkil edəcəyi qənaətindədir. Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda ÜDM artımını müvafiq olaraq  2,7 faiz və 2,6 faiz proqnozlaşdırırlar. 
Bununla yanaşı, bir sıra nüfuzlu beynəlxalq reytinq agentliklərinin də ölkəmizin iqtisadi artımı ilə bağlı proqnozları ümidvericidir. Məsələn, “S&P Global Ratings” agentliyinin proqnozuna əsasən, Azərbaycanda ümumi daxili məhsul istehsalı 2025-ci ildə 2 faiz, 2026-cı ildə 1,5 faiz, 2027-ci ildə isə 1,5 faiz təşkil edəcək. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi isə ölkə iqtisadiyyatının bu il 2,7 faiz artacağını, 2026-cı ildə isə 2,3 faizə qədər yavaşlayacağını proqnozlaşdırır.

XQ

İqtisadiyyat