Ölkəmiz enerji keçidində MDB lideridir

post-img

Ümumdünya İqtisadi Forumunun hazırladığı 2024-cü ilin enerji keçidi indeksinə görə, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan olan dövlətləri üstələyib. Belə ki, respublikamız 120 ölkə arasında, ümumilikdə, 60,3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla da MDB ölkələrini, eləcə də qonşu dövlətləri geridə qoyub. Qonşuları arasında Azərbaycan Ermənistandan (79-cu yer, 52,7 bal), Gürcüstandan (56-cı yer, 56,3 bal), Türkiyədən (59-cu yer, 55,8 bal) və İrandan (102-ci yer, 49  bal) üstün olub.
Azərbaycan, eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer, 50,1 bal), Qırğızıstan (80-ci yer, 52,7 bal) və Tacikistan (71-ci yer, 53,6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib. Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxil edilməyib. Enerji keçidi indeksi  göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56,5 bal olub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədər aşağıdır. Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə 78,4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edib. İkinci yerdə 75,2 balla Danimarka qərarlaşıb. Üçüncü yeri isə 74,6 balla Finlandiya tutub.
Qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksi ölkələrin tərəqqisini müqayisə etməyə və izləməyə imkan verən vahid metodologiya əsasında onların enerji sistemlərinin kompleks şəkildə qiymətləndirilməsini gerçəkləşdirir. Enerji keçidi indeksi ölkələri başlıca olaraq iki əsas meyar əsasında – sistemin səmərəliyi və keçidə hazırlıq səviyyəsinə əsasən qiymətləndirir.
Sistemin səmərəliyi  meyarına enerji əlçatanlığı, təhlükəsizlik və dayanıqlılıq kimi aspektlər daxildir. Keçidə hazırlıq meyarı isə bir sıra faktorları, o cümlədən nizamlanma, siyasi bağlılıq, maliyyələşmə, investisiyalar, innovasiyalar, infrastruktur və təhsil kimi faktorları təhlil edir. Ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında (müvafiq olaraq 60 və 40 faiz çəki ilə) müəyyənləşir.
Enerji keçidi indeksi məlumatlarına görə, ölkələrin böyük əksəriyyəti enerji keçidində irəliləyiş nümayiş etdirir. Şimali Avropa dövlətləri reytinqə başçılıq edirlər, Çin, Braziliya kimi ölkələr isə əvvəlki illərlə müqayisədə öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

XQ

İqtisadiyyat