Neft Şirkətinin  “yaşıl” istiqrazları

post-img

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2025-ci il yanvarın 15-dən etibarən “yaşıl” istiqrazların buraxılışına start verir. Şirkətin bununla bağlı məlumatında  bildirilib ki, nominal dəyəri 1000 dollar olan istiqrazlar sahiblərinə illik 6 faiz gəlir qazandıracaq. Ümumi buraxılış məbləği 200 milyon dollar olan və 5 illik müddətə buraxılan “yaşıl” istiqrazların kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. Neft Şirkətinin  “yaşıl” istiqrazlarını əldə etmək üçün nəzərdə tutulan müddət bu il fevralın 28-də başa çatır.  

İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Çünki  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl” enerjinin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyətə malikdir. Buna görə də “Yaşıl gəlir, yaşıl gələcək” şüarı ilə buraxılan istiqrazlar vətəndaşlara etibarlı və sabit gəlir qazandırmaqla yanaşı, Azərbaycanın “yaşıl” enerji sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır. Dövlət Neft Şirkəti bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir. 

Neft Şirkəti daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. İstiqrazlar tədavülə buraxılandan indiyədək  ən çox ticarət olunan korporativ qiymətli kağızdır. 

İqtisadiyyat