Tarif (qiymət) Şurasının müvafiq qərarları bunu deməyə əsas verir
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidməti ilə bağlı Tarif (qiymət) Şurasının müvafiq qərarından danışan iqtisadçı–ekspert Samir Heydərovun sözlərinə görə, bu məsələdə söhbət əslində, qoşulmaların qiymətinin tənzimlənməsindən gedir. Belə ki, sözügedən sahədə indiyədək vahid tarif yox idi. Təbii ki, bu da sui-istifadə hallarına yol açırdı. İndi isə Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə vahid tarif müəyyənləşdirilib. Başqa sözlə, kim su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulursa, müvafiq qoşulma qiymətlərindən istifadə edir. Qeyd edildiyi ki, bu da sui-istifadə hallarını aradan qaldırır.
Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq Tarif (qiymət) Şurasının iclasında su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. Bununla da müvafiq sahədə dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilməsinin qarşısı alınıb.
Samir Heydərov bildirir ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiqlənən tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiqi gerçəkləşdirilib. Belə ki, əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyənləşdirilib.
Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiqlənib. Bundan başqa, sutka ərzində tələb edilən buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyənləşdirilib. Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Ekspert bilıdirir ki, bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə, eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Samir Heydərov əhaliyə göstərilən istilik təchizatı xidmətində tarif tənzimləməsi barədə isə bildirib ki, əslində, burada söhbət qiymət artımından yox, yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsinin qarşıya əsas məqsəd kimi qoyulmasından gedir. Belə ki, hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 kvadratmetr sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 kvadratmetr sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır.
Deməli, sözügedən sahədə yuxarıda vurğulandığı kimi, söhbət qiymət bahalaşmasından deyil, yumşaq tarif siyasəti həyata keçirilməsindən gedir, optimal tarifin müəyyənləşdirilməsi qarşıya önəmli vəzifə kimi qoyulur. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərəm ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Beləliklə, Tarif (qiymət) Şurasının müvafiq qərarında vurğulandığı kimi, bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Ekspert təbii qaz tariflərinin tənzimlənməsi barədə isə qeyd edib ki, Azərbaycanda təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin gerçəkləşdirilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb. Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kubmetr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi isə çox çüzi– 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2faiz) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kubmetrdən 2500 kubmetrədək olan hissə üçün 2 qəpik (10 faiz) artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kubmetrdən çox olan hissə üçün 5 qəpik (20 faiz) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində tənzimlənib.
Samir Heydərov daha sonra bildirib: “Bu sahədə tənzimlənmə ilə bağlı digər rəqəmlərə də diqqət yetirək. Belə ki, 1 kubmetr təbii qaz üzrə orta tarif əhali üzrə 1,3 qəpik (8,7 faiz) müəyyənləşdirilib. Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərci isə 48 faiz abonent üzrə 32 qəpik, 39 faiz abonent üzrə 1 manat 43 qəpik, 13 faiz abonent (daha çox istehlak edən) üzrə 7 manat 46 qəpik nəzərdə tutulub. Bu rəqəmlərdən isə aydın görünür ki, əhalinin 48 faizi üçün 1 kubmetr təbii qazın tarifi maksimum aşağı səviyyədə –0,5 qəpik (yarım qəpik, 4,2 faiz) tənzimlənib.
Onu da qeyd edim ki, elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1 faiz) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kubmetr təbii qazın tarifi 2 qəpik (9 faiz) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib”.
Ekspert təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflərin müəyyənləşdirilməsinə də münasibət bildirib. O, əhali üzrə aylıq istehlak həcminin 200 kVts olan hissə üçün 1 kilovat saat elektrik enerjisinin tarifinin 0,4 qəpik (5 faiz) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovat saatadək olan hissə üçün 1 qəpik (11,1 faiz) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovat saatdan çox olan hissə üçün 2 qəpik (15,4 faiz) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirildiyini vurğulayıb.
Ekspert qeyd edib ki, 1 kilovat saat elektrik enerjisinin orta tarifi əhali üzrə 0,7 qəpik (7,8 faiz) müəyyənləşdirilib və bu dəyisikliyindən sonra əhalinin böyük hissəsi– 65 faizi üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5 faiz) nəzərdə tutulub.
Samir Heydərov fikirlərinin davamında qeyd edib ki, Tarif (qiymət) Şurasının müvafiq qərarları iqtisadi elmi–nəzəri prinsiplərə və sosial yanaşmaya əsaslanır. Belə ki, bəzi inkşaf etmiş ölkələri çıxmaq şərti ilə dünya ölkələrinin əksəriyyətində su təchizatı dövlətin inhisarında olur. Bu baxımdan inhisarçı bazarda fəaliyyət göstərən satıcının davranışı ilə tam rəqabət bazarında fəaliyyət göstərən satıcının davranışı fərqlidir. İnhisarçı qiyməti özu müəyyənləşdirdiyinə görə (burda inhisarçı dövlətdir), onu tam rəqabət bazarındakı satıcıdan fərqli olaraq, istehsalın həcminin artrılması deyil, optimal buraxılış həcmi maraqlandırır. Optimal buraxılış həcmini tapan satıcı həm xərclərini minimumlaşdırır, eyni zamanda, xidmətin keyfiyyətini artırır. Nəzərə alsaq ki, burda satıcı dövlətdir, xidmətin göstərilməsində sosial yanaşma da prioritetlik təşkil edir.
Yəni əvvələr su sistemlərinə qoşulmada müəyyən xaotik bir hal var idi. Bu hal da suyun istehlakında israfçılığa səbəb olurdu.Bu da müəyəyn problemlərə yol açırdı.Eyni zamanda xərcləri artırırdi. Dövlət qurumu xidmətdə effektivliyi artıra bilmirdi. Su sisteminə qoşulmada qeyri-muəyəynlik hökm sürürdü.
İndi isə vahid tarifin olması ,su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial yanaşmanı, həm də şəhər və regionlar üzrə diferensial yanaşmanın tətbiqini gerçəkləşdirib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilib.
Bu baxımdan Tarif (qiymət) Şurasının müvafiq qərarları biznes muhitinin yaxşılaşdrılması baxımından təqdirəlayiqdir, eyni zamanda, sahibkarlığın inkışafı üçün vacibdir. Sahibkarlıq fəaliyyətində aktivliyə yol açır. Bununla yanaşı, əhalinin su təchizatında xidmət keyfiyyətini artırmaqla su sisteminə qoşulmaqda şəffaflığı da təmin edir.
Hazırladı:
Vaqif BAYRAMOV
XQ